YAP-ın üzvləri 2019-cu ilin birinci yarısının yekunlarını müzakirə etdilər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş  şura iclası keçirilib.

Şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev təşkilatın altı aylıq fəaliyyətinə diqqət çəkərək bildirib ki, bu müddətdə şura və idarə heyətinin üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatında olub, partiya üzvləri və sakinlərlə görüşüb, onların problem və qayğıları ilə  maraqlanıblar.

Vurğulanıb ki, partiyanın rayon təşkilatında bu ilin ötən 6 ayında əlamətdar və tarixi günlərlə bağlı elmi-praktik konfranslar, tədbirlər  keçirilib.

Hazırda 87 ilk təşkilatda 10 min 598 partiya üzvü var. Partiya üzvlərinin 3 min 197 nəfərini qadınlar, 2 min 968 nəfərini gənclər təşkil edir. Bu ilin 6 ayı ərzində partiya sıralarına qəbul edilən 68 nəfərin 61-i gənclər, 33-ü qadınlardır.

Əmir Babayev bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb.

Sonra iclasda Şərur Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Kamal Cəfərov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış ediblər.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə 1993-cü ilin yanvar ayında təsis olunmuş partiyanın Şərur rayon təşkilatı bu illərdə inkişaf yolu keçib.  Partiyanın üzvlərinin sayı 10 min 600 nəfərə yaxındır. Bu da bütövlükdə rayonun siyasi aktiv əhalisinin 15 faizini təşkil edir. Son illər Naxçıvan Muxtar Respublikasında kənd yaşayış məntəqələrində aparılan abadlıq-quruculuq işlərindən partiyanın yerli təşkilatları da yararlanıb, təkcə Şərur rayonunda 42 kənd ərazi təşkilatı üçün əlverişli iş şəraiti yaradılıb. Bütün bunlar yerlərdə aktivliyin və təşəbbüskarlığın daha da artırılması üçün stimul rolunu oynayır.  

İcra katibi qeyd edib ki, 2019-cu ilin ikinci yarısında da partiya təşkilatları və onun struktur bölmələrinin əsas fəaliyyət istiqamətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Cənab Vasif Talıbovun təsdiq etdiyi İş Planındakı tədbirlərin yerinə yetirilməsi təşkil etməli, gənclərlə iş, ərazi təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsi, rayonun sosial-ictimai həyatında partiya üzvlərinin fəal iştirakı və bu kimi fəaliyyətə xüsusi diqqət yetirilməlidir.

Sonda şura iclasının qərarı qəbul edilib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: