NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.
Müşavirədə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov icbari tibbi sığortanın əhəmiyyətindən, rayonda bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov qeyd edib ki, agentlik sığortaolunanlara baza zərfinə əsasən xidmət göstərir. Baza zərfinə 18 ilkin səhiyyə, 5 təcili və təxirəsalınmaz, 471 ambulator, 285 laborator müayinə, 23 fizioterapevtik, 600 stasionar və 123 həyati vacib olmaqla, ümumilikdə 1525 tibbi xidmət daxil edilib. Agentliyin yerlərdə qeydiyyat məntəqələri yaradılıb və fəaliyyəti təmin edilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərman və Sərəncamına əsasən 2017-ci ildən Sədərək rayonunda, 2019-cu ildən isə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən müddət ərzində bu rayonlarda yaşayan əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksəlib, maliyyələşmə agentlik tərəfindən aparılıb. Əldə olunmuş uğurlu nəticələrə əsasən icbari tibbi sığortanın əhatə dairəsi genişləndirilərək Kəngərli rayonunda tətbiqinə başlanılıb.
Vurğulanıb ki, icbari tibbi sığorta rayonda 16 min 59-u kişi, 16 min 362-si qadın olmaqla 32 min 421 nəfəri, 2 min 132 müxtəlif peşə sahələrində çalışanı və 351 əyani təhsil alan tələbəni əhatə edəcək. Rayonda icbari tibbi sığortanın tətbiqi məqsədilə tibb müəssisələrində yenidənqurma işləri aparılıb, maddi texniki baza gücləndirilib, müasir tibbi cihaz və avadanlıqlar quraşdırılıb, Səhiyyə İnformasiya İdarəetmə Sistemi qurulub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 5 iyul tarixli “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq cari ilin avqust ayının 1-dən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bununla əlaqədar rayon ərazisində maarifləndirici tədbirlər keçirilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqısı əhəmiyyətli dərəcədə artırılıb.
Müşavirədə agentliyin şöbə müdiri Vüsal Məmmədov, agentliyin əməkdaşı Çilənay Qurbanlı çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti və bu sahədə tibbi xidmətin təşkili ilə bağlı ətraflı məlumat veriblər.
Sonra müşavirə iştirakçılarının sualları cavablandırılıb, təkliflər irəli sürülüb, tövsiyyələr dəyərləndirilib.
Turab Hacızadə