NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında cari ilin birinci yarımilində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı şura iclası keçirilib.
İclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı fəaliyyətini ilin əvvəlində təsdiq olunmuş iş planı əsasında qurub. Vaxtlı-vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər görülüb.
Qeyd olunub ki, təşkilatın idarə heyətinin 6, şurasının 2 iclası keçirilib. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 28 nəfər üzv qəbul edilib. Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının əhatə etdiyi 23 ilk partiya təşkilatının qeydiyyatında 1555 nəfər üzv vardır. Partiya üzvlərinin 312 nəfəri qadınlar, 411 nəfəri isə gənclərdir.
Vurğulanıb ki, partiyanın rayon təşkilatının xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Sonra iclasda çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Azərbaycanda, eləcə də muxtar respublikamızda Heydər Əliyev siyasətinin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan bəhs edib.
Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov rayon təşkilatının, onun ərazi ilk təşkilatlarının və digər struktur bölmələrinin cari ilin birinci yarısındakı fəaliyyətini təhlil edib.
İclasda Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Gənclər Birliyinin sədri Polad Rzazadə, Heydərabad qəsəbə ərazi ilk partiya təşkilatının sədri Vüqar Qasımzadə, Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər.
Sonda şura iclasının qərarı oxunub.
Sərxan İsmayılov