Muxtar respublikada ictimai nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təhlükəsizliyinə nəzarət diqqət mərkəzindədir

A- A A+

Muxtar respublika ərazisində istismarda olan ictimai nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Bu işin tənzimlənməsi baxımından muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin texniki normativlərinə və standartlarına dair müvafiq normativ-hüquqi baza yaradılıb.

NUHÇIXAN xəbər ki, bu barədə Naxçıvan Şəhər Nəqliyyat İdarəsində ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin, dispetçerlərin və xətt nəzarətçilərinin iştirakı ilə keçirilən seminar-müşavirədə ətraflı danışılıb.

Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, xidmət tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücülərin intizam Qaydaları”nın tətbiqi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılması, eləcə də sürücülərin fəaliyyətlərinin yüksək səviyyədə qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında qeyd edib ki, muxtar respublika ərazisində sərnişindaşıma sahəsində fəaliyyət göstərən sürücülər mövcud olan lisenziya şərtlərini də yerinə yetirməlidirlər. O vurğulayıb ki, sürücülər arasında “Lisenziya şərtləri və onlara əməl olunması” mövzusunda mütəmadi olaraq maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, lisenziya qaydalarının və şərtlərinin pozulması hallarına hələ də rast gəlinir. Bu halların aradan qaldırılması üçün lisenziya şərtlərinə əməl etməyən sürücülər haqqında qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin müdiri İlkin Məmmədov sürücülərin ictimai nəqliyyatda daxili nizam-intizam qaydalarına əməl etmələrinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hər bir sürücü ictimai nəqliyyatda sürücü-sərnişin münasibətlərinin düzgün qurulması istiqamətində, eləcə də yol hərəkəti qaydalarına ciddi əməl etməklə sərnişinlərin rahat və təhlükəsiz şəraitdə mənzilbaşına çatdırılması işində üzərinə düşən məsuliyyəti dərk etməli, fəaliyyətini günün tələbləri səviyyəsində qurmalıdır.

Sonda sürücüləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: