İstirahətin və xoş əyləncənin məkanı - FOTOLAR

A- A A+

Artıq isti yay günlərini yaşayırıq. Belə olan təqdirdə hər birimiz ailəvi şəkildə istirahət etmək, xidmət çeşidliyi və münasib qiymətləri ilə seçilən məkanlara üz tutmaq istəyirik. Naxçıvanımızda bu cür üstünlükləri olan bir çox istirahət guşələri mövcuddur və onlardan biri də Babək rayonunun Badaşqan kəndində yerləşən Atçılıq və İstirahət Mərkəzidir. Sözügedən məkanda müştərilərə nümunəvi xidmət göstərmək üçün müasir infrastruktur yaradılıb. Naxçıvan şəhərindən təqribən 4 kilometr məsafədə yerləşən Atçılıq və İstirahət Mərkəzi turist və yerli sakinlərin sevimli məkanına çevrilib. Mərkəz səhər saat 9-dan gecə saat 12-dək işləyir. Turistlər və yerli sakinlər İstirahət Mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.

Muxtar respublikamızda insanların yaşayış şəraitinin yaxşılaşması və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, hər il yeni turizm və istirahət obyektləri sakinlərin istifadəsinə verilir. Qonaqların mənalı istirahəti üçün hər cür şəraiti olan Atçılıq və İstirahət Mərkəzi də özünəməxsus görünüşü ilə diqqəti cəlb edir. Mərkəzin ərazisi 3 hektara yaxındır və burada 20 nəfər işlə təmin olunub.
  
Qeyd edək ki, ərazidə hər şey yüksək zövqlə tərtib olunub.Rəngarəng yaşıllıq guşələri, oturacaqlar, kupelərin əlverişli arxitektura ilə salınması istirahət üçün bura üz tutanlarda gözəl əhval-ruhiyyə yaradır. Göstərilən xidmətlərə gəldikdə isə bu məkanda müştərilər milli mətbəximizin ləziz təamlarından dada, soyuq və isti içkilərdən istifadə edə bilərlər. Həmçinin İstirahət Mərkəzinə gələn qonaqlar üçün tirdə atış, heyvanlar aləminə səyahət, faytonda gəzmək imkanları da yaradılıb. Burada uşaqların əyləncəsi üçün də hərtərəfli şərait mövcuddur.
  
“Qarabağ”, “Ərəb”, “Midilli”, “Poni” və başqa at növlərinin olduğu Atçılıq Klubunda isə qonaqlar at minməzdən öncə təlimat alırlar. At həvəskarları bildirirlər ki, bir çox xəstəliklərin müalicəsində at minmək əsas vasitə kimi göstərilir. Qeyd edək ki, mövsümlə əlaqədar olaraq mərkəzə gələn müştərilərin sayında hər keçən gün artım müşahidə olunur. Xüsusən axşam saatlarında Naxçıvan şəhərindən, rayonlardan gələnlər bu məkanda ailəvi şəkildə istirahət edirlər. 

Bu il mütəmadi olaraq Mərkəzdə əlamətdar gün və bayramlar münasibətilə, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert proqramları təşkil olunub, çay süfrəsi açılıb. Bu cür sosialyönümlü tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri də, uşaq nevroloji xəstəliklərinə fizioterapevtik müalicə üsullarından biri olan  hippoterapiyanı (atminmə ilə müalicə) tətbiq etməkdir.

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: