Yurdumuzun nemətləri

Nehrəmin qiymətli bostan bitkisi – Qarpız

A- A A+

Naxçıvanın bərəkətli torpaqlarında ərsəyə gələn nemətlər min bir dərdin dərmanı hesab olunur. Qədim diyarın təmiz havasından, saf suyundan, münbit torpağından qidalanan hər bir məhsul məxsusi dəyərə malikdir və bazar-dükanlarda əl-əl axtarılır. Bu gün Bənəniyar kəndi deyəndə üzüm, Kükü deyəndə alma, Şahtaxtı deyəndə tutma qovun, Ordubad deyəndə limon, Buzqov deyəndə bal, cəviz ağla gəlirsə, Nehrəm deyəndə isə qarpız yada düşür. Çünki bu bostan məhsulunu muxtar respublikada ən çox nehrəmli zəhmətkeşlər əkib-becərirlər. Doğrudur, son illər dövlət tərəfindən yaradılan şərait imkan verir ki, Babək rayonunun Araz, Hacıvar, Yarımca, Badaşqan, Babək qəsəbəsindən olan torpaq mülkiyyətçiləri də qarpız əkinlərinə geniş yer versinlər. Amma istənilən halda qarpızın “dilini” ən yaxşı bilən elə nehrəmlilərdir. Bu il də Naxçıvan-Culfa-Ordubad magistral yolunun kənarlarındakı satış obyektlərinə bol məhsul çıxarılıb.

Elə ki, qış qol-qanadını yığışdırıb aradan çəkildi, yaz ayları yurdumuza qədəm qoydu, Nehrəmdə qarpız əkini ilə məşğul olanlar da Pircüvar düzünə axışırlar. Əkinlərin, xüsusən bu ərazidə aparılması məhsuldarlığın yüksək olması ilə bağlıdır. Qeyd edək ki, bu giləmeyvənin vətəni   Cənubi Afrika olduğu üçün əsasən, istisevən bitkidir. Nehrəmin iqlim və torpaq xüsusiyyətləri, kəndlinin zəhməti, ən əsası isə onlara yaradılan şərait imkan verir ki, ildən-ilə qarpız əkinləri genişləndirilsin. Təkcə bu il Nehrəm kəndində 300 hektardan artıq bostan bitkiləri əkilib. Nehrəmdə elə ailələr var ki, mövsümdə qarpızdan gələn gəlir hesabına yeni yurd salır, avtomobil alır, bir sözlə, özünə güzəran qurur. Artıq sahələrdən bol məhsul yığılıb. Yol boyunca uzanan piştaxtalarda alıcılara münasib qiymətə, daha dəqiq desək kiloqramı 15-20 qəpiyə qarpız təklif olunur.

Qeyd edək ki, ailə təsərrüfatlarında qarpızdan hazırlanan məhsullar da bazarlarda rəğbətlə qarşılanır. Qarpızın qabığından mürəbbə, lətindən doşab hazırlanır. Qarpızın tumu da əhəmiyyətlidir. Tumu qovurulmuş və çiy halda istifadə edilir. Toxumu mədə-bağırsaq xəstəliklərində faydalıdır.  Qarpız qabığını suda qaynadaraq içmək də olar. Bu su bir çox xəstəliklərin dərmanıdır. Əsasən qaraciyərdə olan zəhərli maddələri təmizləyir. Bu nemət böyrəkdə olan kiçik daşları da  yuyub çıxarır. Qarpızın başqa bir növü olan balaca çöl qarpızlarından turşu da hazırlanır. Xüsusilə, qarpızın yeməkdən əvvəl yeyilməsi məsləhətdir.

Bəli, dadı və faydaları ilə hər birimizin süfrəsində məxsusi yeri olan Nehrəm qarpızı indi ən çox alınan kənd təsərrüfatı məhsulları sırasındadır. Nehrəmli təsərrüfat sahibləri də yerli bitki sortlarımızın bir nümunəsi olan bu bitkinin genofondunun qorunmasına, əhalinin belə yerli məhsullara olan tələbatının ödənilməsinə öz töhfələrini verməyə çalışırlar.

Tofiq Abutalıbov

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: