Qora bişirən ayın abqorası  

A- A A+

Avqusta xalq arasında “qora bişirən ay” deyirlər. Amma üzüm qorası hələ bişməmiş, bir qədər kal olarkən ondan hazırlanan bir məhsul var ki, onun əvəzi yoxdur. Adına “abqora” deyirlər. Keçmişdə deyərdilər ki, avqustun 1-i ilə 3-ü arası belə üzümü toplayıb abqora hazırlaya bilərsən. Amma son illər avqust artıq gec olur. Gərək elə iyulun 25-dən sonra hazır olasan, gördün qora bişir, toplayıb abqoranı hazırlayasan.

Abqora qora suyu deməkdir. Kal üzümün suyundan hazırlanır. Bunun üçün üzüm kal vaxtı (qora ikən) toplanaraq dənələnib təmizləndikdən sonra  bir qaba yığılaraq çay daşı ilə əzilir. Əgər evdə şirəçəkən maşın varsa, bunu onunla da etmək olar. Əzilmiş qora suyu süzüldükdən sonra şüşə qablara yığılaraq ağzı hava keçirən parça (cuna) ilə bağlanılır. Sonradan bu qabları günəş altında qırx gün saxlamaq lazımdır. Bu müddətdə su qırmızı rəng alır. Qırx gündən sonra süzülərək şüşə butulkalara doldurulub ağzı bağlandıqdan sonra sərin yerdə saxlanılır. Abqora dönüb çaxır, sirkə də ola bilər. Bunu nəzərə alaraq bir dəfə istifadə üçün açıldıqdan sonra soyuducuda saxlanmalıdır.

Abqora arterial təzyiqin aşağı salınmasında əvəzolunmazdır. Hər gün bir qədər qəbul edildikdə yüksək təzyiqdən əziyyət çəkən insanlar fayda taparlar. Damarda yığılan xolesterini təmizləyir, qanı duruldur. Diabetin profilaktikası və müalicəsində də xeyirlidir, çünki qanda şəkərin səviyyəsini azaldır. Eyni zamanda abqora ürək xəstəliklərində məsləhət edilən vasitələrdən biridir.

Tarixi nə qədər qədim olsa da, abqora istehsalı və mətbəxdə istifadəsi bir qədər unudulub. Halbuki, son illər Babək rayonunda istər həyətyanı sahələrdə, istərsə də şəxsi təsərrüfatlarda üzümçülük inkişaf etdirilib. Rayonun Nehrəm, Qahab, Zeynəddin, Didivar, Cəhri kimi kəndlərindəki iri üzümçülük təsərrüfatlarından abqora hazırlayıb satış obyektlərinə, festivallara təqdim etmək olar.

2019-cu ilin “Ailə təsərrüfatları ili” olduğunu nəzərə alsaq, bu sahəni genişləndirmək üçün kiçik sahibkarların qarşısında əlavə imkanlar yaranır. Deməli, şəxsi təşəbbüs və zəhmət çəkmək abqora kimi faydalı neməti həm yenidən mətbəximizə qazandırar, həm də ondan yaxşı gəlir götürə bilərik.

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: