Darıdağın möcüzəli suyu - FOTOLAR
Ulu babalarımız söyləyib ki, "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır". Darıdağın Cənub ətəyində yerləşən Şəfa bulağı haqqında, el arasında "Şor su" adlanan müalicə əhəmiyyətli arsenli su haqqında çox eşitmişik. Əfsanəyə, nağıla bürünmək, möcüzəli su haqqında oxuculara ətraflı məlumat vermək üçün bu isti yay günündə yolumuzu bu yerlərə saldıq.
"Darıdağ" Arsenli Su Müalicəxanasını, şəfa bulağını görməyənlər onun əvəzsiz möcüzələrindən birini itirmiş kimidir. Ulu Tanrı, doğrudan da, yurdumuza böyük nemətlər bəxş edib. Qədim Naxçıvan torpağı həm də çoxlu sayda yüksək müailəcəvi əhəmiyyətə malik olan Sirabı, Badamlısı, Vayxırı, Böyrək suyu və s. suları ilə şöhrət tapıb. Qeyd etmək yerinə düşər ki, Naxçıvanın müalicə əhəmiyyətli suları lap qədimdən insanlara məlum olub. Muxtar respublikamızın ərazisindəki bir çox sular kimi, “Şəfa bulağı” da insanlara sağlamlıq bəxş edən təbiət möcüzəsidir.
Bu həyat çeşməsi haqlı olaraq dünyanın ən qiymətli, nadir müalicəvi suları ilə eyniləşdirilir. Bu su min bir dərdin dərmandır, minlərlə xəstəyə məlhəm olub, şəfa gətirib.Muxtar respublika rəhbərinin qayğısı nəticəsində bu müalicə ocağı da keçmiş görkəmini dəyişib, daha da gözəlləşib. Burada geniş abadlıq və yenidənqurma işləri aparılıb.Ətrafında yaşıllıq zolaqları salınıb, yollar abadlaşdırılıb, zövq oxşayan səliqə sahman yaradılıb. Nəticədə buraya üz tutanların sayı daha da artıb. İndi muxtar respublikamızın sakinləri ilə yanaşı, ölkəmizin digər yerlərindən və xarici ölkələrdən buraya üz tutub şəfa tapanların sayı çoxalıb.
Hazırda “Darıdağ” Arsenli Su Müalicəxanası üçün geniş tikinti işləri aparılır. Yaraşıqlı binalar ucaldılır. Burada zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət müalicə mərkəzi inşa olunur. Mərkəzdə qadın və kişi korpusları, hovuzlar, hotel inşa olunacaq.
Şəfa bulağının ərazisində olanda insanların hamısı bu suyun əhəmiyyətindən danışır, burada yaradılan səliqə-sahmandan razılıq edirdilər.
Qeyd edək ki, "Şəfa bulağı" kimi tanıdığımız "Darıdağ" Arsenli Su Müalicəxanası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində tamamilə yenidən qurulub. Bu gün müasir şəraitin yaradılması üçün burada kompleks işlər görülür, hal-hazırda müalicəxanada iki vanna otağından istifadə olunur. Biri qadınlar, digəri kişilər üçündür. Vannalar 1 saat müddətində 25-30 xəstə qəbul etmək gücünə malikdir. Buraya müalicə almağa gələnlər üçün tibbi yardım göstərməyə şərait və imkanlar vardır. Dəri xəstələri müalicəxananın daxilində vanna qəbul etmirlər. Onlar açıq havada yaradılmış vannalardan istifadə edirlər. Ona görə ki, bu cür xəstələr termal su vannalardan sonra günəş vannası qəbul etməlidirlər. Darıdağın möcüzəli suyu bu xəstələrin müalicəsində böyük əhəmiyyətə malikdir. “Darıdağ” Arsenli isti suyu vasitəsi ilə müalicəsi mümkün olan xəstəliklər əsasən bunlardır:
-Bel-omba radikuliti, revmatik poliartrit, asteoxondoxlar, öd yolları, dəri, əsəb, maddələr mübadiləsi malyariya və s. Bu müalicəvi suyun tərkibində xeyli qələvi vardır ki, bu da mədə-bağırsaq və qaraciyərin funksiyasını aktivləşdirir, bütövlükdə həzm sistemini yaxşılaşdırır. Sudakı arsenin orqanizmə sorulması orqanlara müsbət təsir göstərir. Şorsu ulu təbiətin yurdumuza bəxş etdiyi möcüzələrdəndir. ona görə də onun əhəmiyyəti bu gün yüksək qiymətləndirilir və onun qayğısına qalınır.
Şəfa bulağından xoş təəssüratla ayrılarkən tam əmin oldum ki dağların damarından axan bu su tükənməyən var-dövlət, min bir hikmətdir. Yurdumuzun möcüzəsi sayılan "Darıdağ" Arsenli Su Müalicəxanası hələ minlərlə insana şəfa verəcək, onun ağrı-acılarına məlhəm olacaq.
Aparılan quruculuq işləri nəticəsində xarici turistlərin də Şəfa bulağına axını artacaq, buda turizmin inkişafına öz layiqli töhfəsini verəcək.
“Arazın səsi”qəzeti