Deyirlər ki, dünyanın möcüzəli məkanının yeraltı aləmi tükənməz xəzinə, yerüstü aləmi isə canlı muzeydir. Bu mənada Şahbuz rayonu muxtar respublikanın misilsiz gözəlliklər diyarı, zəngintəbiətli dağlar gözəlidir. İlboyu zirvəsi qarla örtülü olan dağları, könülaçan sərin yaylaqları, zəngin və nadir ovalıqları, təkrarolunmaz gözəlliyə malik gölləri, suvarma və enerji əhəmiyyətli çayları, min bir dərdin dərmanı olan bulaqları, fauna və flora aləmi onu deməyə əsas verir ki, Şahbuz təbiətinin qədir-qiyməti heç nə ilə ölçüyə gəlməz edib. İlin hansı fəslində ayağını Şahbuz torpağına qoysan, son dərəcə müxtəlif və rəngarəng təbiət mənzərələri səni məftun edəcək. Tanrının Şahbuz təbiətinə bəxş etdiyi flora aləmi artıq öz zənginliyi ilə adını ellərə yayıb. Bu zənginliyin içərisində çölü, təpəni ətri ilə öz ağuşuna alan üzərliyin də adını çəkmək olar. Çoxillik bitkilər qrupuna daxil olan üzərlik quru iqlim şəraitinə qarşı dözümlüdür. Ağ çiçəkləri, sarı-yaşımtıl yumru meyvələri olur. Meyvəsinin içində xırda qara toxumları var. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında toplanmağa başlayır. Bu günlər bitkinin toplanma vaxtı çatdığından onu dağlarımızdan yığıb, dəstə-dəstə bağlayıb aparırlar. Elə bir ev tapılmaz ki, onun həyətindən, divarından muncuq kimi düzülən üzərlik asılmasın. Bunun da başlıca səbəbi hələ qədim zamanlardan üzərliklə bağlı müxtəlif inanclar mövcud olması və bu gün də həmin inancların yaşadılmasıdır. Bu bitkiyə onun nəzərqoruyucu xüsusiyyətə malik olması baxımından yanaşanlar çoxdur. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Məsələn, nasazlayan körpə uşağa üzərlik yandırılar. Toy məclislərində yandırılan üzərliyi qonaqların arasında gəzdirərlər. Onu evlərin qapı-bacasından, mal-heyvan çox olan tövlələrin girişində bədnəzərdən qoruyan vasitə kimi asarlar.
Üzərliksən havasan,
Hər bir dərdə davasan.
Səni dərman deyiblər,
Qada-bala sovasan.
Bizim evdə qalasan,
Üzərlik burda pırtlasın,
Yaman gözlər çatlasın.
Evlərdə üzərlik yandırılarkən adətən bu sözləri eşidirik. Əksəriyyət insan hər hansı bir işi düz getmədikdə, başına xoşagəlməz hadisə gəldikdə, bunu kiminsə nəzəri ilə əlaqələndirir, gözdəymədən, nəzərdən qorunmaq üçün üzərlik yandırır. Bitkinin yumru hissələri kəsilir, dəmir bir qaba yığılır, üzərinə bir az soğan qabığı və bir çimdik duz atılaraq ocaqda yandırılır. Bu zaman onu yandıran şəxs sağ əlində üzərliyin toxumlarını, soğan qabığını və duzu tutaraq ailə üzvlərinə bir-bir yaxınlaşır. Sağ əlini ailə üzvlərinin hər birinin başı üzərində üç dəfə fırladır, hər dəfə onun sağ çiyninə toxunur və deyir: “Kimin nəzərinə gəlmişik, onun nəzərini yandırırıq”.
Evi bəd nəzərdən qorumaq üçün yandırılan üzərliyi evin hər yerində gəzdirib “aldım duzunu, ovdum gözünü” deyirlər.
Üzərliyim tüstülən,
Bədnəzəri kor elə.
Qohum olsun, ya özgə,
Qoy qapıdan girməsin.
Bəzən xəstəni sağaltmaq üçün də üzərlikdən istifadə edirlər. Axır çərşənbədə ağır xəstənin sağalması üçün niyyət edilir, başı üstündə üzərlik yandırılır, üç dəfə belinə vurub deyirlər ki, “naxoşluğun səhraya, dərd-azarın dəryaya”.
Üzərlik yanan zaman ətri, tüstüsü insana xoş əhval-ruhiyyə bəxş edir. Ağbirçək nənələrimizin dilindən üzərlik haqqında zaman-zaman deyilən çoxlu bayatılar da eşitmişik.
Üzərliyəm həvayam,
Yaman dərdə davayam.
Pis gözü, pis nəzəri,
Üstünüzdən azayam.
Üzərliyin toplanması ilə bağlı çox maraqlı bir məqam da var. Belə ki, üzərliyi xoruz səsi çatmayan yerlərdən yığmaq lazımdır. İnanclara görə, xoruz səsi eşitməyən üzərlik bədnəzərə qarşı daha çox təsirli olur. Onu yığan zaman kökünün dibinə bir muncuq, ya da düymə atıb sonra yığılmalıdır. Hətta min bir dərdə dava olan bu bitkini daha çox yaş halda yığıb, ondan bəzən əşyaları da düzəldirlər. Qadınların aksesuar kimi istifadə etdiyi rəngli muncuqlar da hərdən üzərliyin meyvələrindən hazırlanır.
Lakin üzərliyə təkcə bədnəzər qoruyucusu kimi yanaşılmayıb. O, həm də sağlamlıq üçün faydalı sayılan qiymətli müalicəvi bitki kimi dəyərləndirilib. Yanan üzərliyin ətrini sevməyən olmaz. Onun tüstüsü çox xeyirlidir. Mikrobları öldürür, yuxusuzluqla mübarizə aparmağa kömək edir. Üzərliklə kəskin əsəb xəstəlikləri-epilepsiyanı, iflic, zəifgörməni müalicə ediblər. Orta əsr mənbələrində üzərliyin bədəni isti saxladığı, yuxu gətirdiyi, sinəni yumşaltdığı, qanı durulaşdırdığı haqqında da məlumatlar var. Müasir dövrdə də həkim məsləhəti ilə üzərliyin dəmləmələri soyuqdəymə xəstəlikləri üçün istifadə olunur. Revmatizm zamanı üzərliklə olan vannalar çox yaxşı müalicəvi təsirə malikdir. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri zamanı da çox faydalıdır. Xalq təbabətində üzərlik dəmləməsindən mərkəzi sinir sistemi xəstəlikləri zamanı istifadə olunur. O, beyin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır, toxumları oynaq ağrılarının birinci dərmanıdır. Təpitməsi isti-isti bədənin ağrıyan yerlərinə qoyulanda ağrıları kəsir.
Üzərlik dəmləməsi qarqara şəklində damaqların möhkəmləndirilməsi, tüstüsü isə diş ağrısına qarşı tövsiyə edilir. Üzərliyi balla qarışdırıb qəbul etmək astmaya çox xeyirlidir.
Üzərliyin toxum və gövdəsində harmolin deyilən qiymətli boyaq maddəsi var. Bu boyaq maddəsi ilə laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, narıncı-yaşımtıl, zeytun rəngi və s. rənglər alınır. Ümumilikdə isə ondan 100-dən artıq rəng çaları almaq olar. Üzərlik yağından sabun hazırlanır. Xalq təbabətində üzərliyin qaynadılmış suyu saçı qaraldır.
Göründüyü kimi, üzərlik adi bir bitki deyil. Onun xalqımızın inancında, insanların sağlamlığında, eləcə də sənayedə böyük rolu var. Bu qiymətli bitkini təbiətin sərvəti kimi qorumalı, yığarkən kökünün kəsilməməsinə diqqət etməliyik ki, onun xoş ətrini hər zaman hiss edə bilək.
“Oğuz səsi” qəzeti