Özünü tapmaq xoşbəxtliyi

A- A A+

Əgər insan özünü həqiqətən də tanıyırsa, onu xoşbəxt adlandırmaq olar. Deyə bilərsiniz- məgər, xoşbəxtlik üçün bu yetərmi? Əlbəttə, xoşbəxtlik mücərrəd məfhumdur. Hər kəs eyni cür xoşbəxt ola bilməz, hər kəs həyatın gözəlliyini, mənasını eyniliklərdə görməz ki...

Kim, nə cür xoşbəxt olursa, olsun. Mən kiminsə xoşbəxtlik simvolunu, nə əlindən almağa, nə də dəyişməyə can atmıram. Uşaqdan böyüyə hər birimizin xoşbəxtlik arzusu, arzu xoşbəxtliyi var. Ən gözəli səni xoşbəxt edən anların sevincini yaşaya bilməkdi. Doya-doya yaşaya bilmək...

Bir anın sevinci bir ömrə bərabər olur bəzən. Özünü tanıyırsansa, demək, nədən sevinməyi, nəyə sevinib xoşbəxt olmağı da bilirsən və bacarırsan. İnsanlar müxtəlif, xarakterlər fərqli, yaşamlar fərqli, onların xoşbəxtlik düşüncələri də fərqlidi:

Başqalarını sevindirməklə xoşbəxt olanlar...

Ancaq özü üçün yaşayıb xoşbəxt olanlar....

Düşüncələriylə xoşbəxt olanlar...

Qələm- kağızıyla özünü hər kəsdən varlı hesab edib, xoşbəxt olanlar...

Başqalarının arzularına xətt çəkməklə özünü xoşbəxt sayanlar....

Həyatı olduğu kimi dərk edib, həyatın eniş-yoxuşunda xoşbəxt olanlar...yazdıqca arxası gələn, xoşbəxtlik simvolları.... məncə bu qədər yetər...

Çoxlarına adi, bəlkə də mənasız görünən şeylərlə xoşbəxt olmağı bacarmaq... Bu hər kəsə nəsib olmur. Zərrəni günəş bilənlər şükürlü və nikbin, Günəşi zərrə bilənlər acgöz və paxıl olur.

“Ya olduğun kimi görün, ya göründüyün kimi ol”- Mövlana Cəlaləddin Ruminin bu məşhur fikrinə əməl edənlər nə qədərdi? Bəs içimizdəki özümüzlə, çölümüzdəki özümüz eynidirmi? Gəlin, etiraf edək ki, yox! Düşüncələri ilə dedikləri üst-üstə düşən insanların belə, içində ikili dünya var. Bəzən, özümüzə belə etiraf edə bimədiyimiz bambaşqa bir dünya...

Daxilimizdə insanların görmədiyi “mən”imiz var. Hətta özümüzü tapmağa, kəşf etməyə belə çətinlik çəkirik. Ətrafımızda bizi həqiqətən görən insanların- “ Sən, belə birisən” deməsi, bəlkə bizi özümüzü bir daha axtarmağa yönəldir.

 

İkiliyik  bu dünyada hamımız,

SƏN yaratdın bu boyda, bu biçımdə.

Bir özümüz içimizdə yaşayır,                     

Bir özümüz insanların içində.

 

Axtarırıq, hələ tapa bilmirik,

Harda qalıb, bu ürəyin iç üzü?

Hey didişir içimiz çölümüzlə,

İndi sən gəl, ayırd elə, seç üzü.

 

Bax beləcə, ömrü boyu axtarıb,

Tapammırıq özümüzü hələ də.

Sənin, onun bir üzünə inanıb,

Yaşayırıq həyat adlı belədə.

Bəlkə, özümüzü özümüz axtaraq, atdığımız addımlarda, keçdıyımız yollarda, bəzən düşdüyümüz məchullarda, gördüyümüz işlərdə, bir sözlə hər yerdə... kimliyimizi axtaraq. Özümüzü tanıyaq ki, bizi də tanısınlar. Bu, o qədər də çətin deyil!

 

Təranə Arifqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: