Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Şahbuz rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev tədbirin əhəmiyyətindən danışıb.
Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə dəqiq kadastr uçotu işlərinin aparılmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Fərmandan irəli gələn vəzifələrin icrası məqsədi ilə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi davam etdirilir.
Vurğulanıb ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Komitə tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsi ilə dəqiqləşdirilməsi başa çatdırılıb, Şahbuz rayonunda planaalma işlərinə start verilib.
Bildirilib ki, komitənin mütəxəssisləri tərəfindən rayon ərazisində torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə vaxtaşırı monitorinqlər aparılıb, aşkar olunmuş torpaqlardan qanunsuz istifadə halları qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılıb.
Müşavirədə Komitənin sektor müdiri Xaliq Fərzəliyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin çıxışları dinlənilib. Qeyd edilib ki, rayonun əhatə etdiyi 22 bələdiyyə üzrə aparılacaq planaalma işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.