Növbəti ildən Naxçıvandakı Liseylərə sənəd qəbulu elektron qaydada aparılacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni saytının təqdimatı olub.
Təhsil Nazirliyi aparatı əməkdaşlarının, şəhər və rayon təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının iştirakı ilə keçirilən təqdimat mərasimində təhsil naziri Rəhman Məmmədov bildirib ki, əvvəlki internet saytı müasir tələblərə cavab vermədiyindən onun yenilənməsi qərara alınıb. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, təhsil sahəsində həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Sayt istifadəçiləri təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən əldə edəcəklər. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında yeni dizayn verilib. Yeni internet saytında elektron xidmətlər də istifadəyə verilib.
Rəhman Məmmədov vurğulayıb ki, artıq növbəti ildən Naxçıvan Qızlar Liseyinə və Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd qəbulu elektron qaydada aparılacaq. Bununla yanaşı sentyabr ayından etibarən Texniki-Peşə və Sürücülük məktəblərinə, eləcə də Peşə liseyinə sənəd qəbulu elektron qaydada həyata keçiriləcək.
Sonra təhsil nazirliyinin sektor müdiri Məmməd Bayramov Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətləri haqqında məlumat verib, göstərdiyi xidmətlərdən danışıb. Vurğulanıb ki, 8 bölmə və 29 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib, muxtar respublikanın təhsil xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika təhsilində qazanılan uğurlar haqqında geniş məlumatlar öz əksini tapıb. Yeni sayt vasitəsilə təhsil sahəsində lazım olan bir çox xidmətlərin onlayn qaydada həyata keçirilməsi də mümkündür. Bununla yanaşı vətəndaşların qəbul günlərinin qrafiki, elektron qaydada müraciət qaydaları, e-mail ünvan, eləcə də digər əlaqə vasitələri barədə məlumatlar da saytda öz əksini tapıb.
Məmməd Bayramov bildirib ki, son illərdə muxtar respublikada yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblər, muxtar respublikanın tarixini, turizm potensialını əks etdirən məlumatlar, fotoslaydlar saytda öz əksini tapıb, elektron kitabxanalara keçid verilib.
Bununla yanaşı istifadəçilər müəllimlərin işə qəbulu qaydaları, eləcə də ümumtəhsil məktəblərindəki vakansiyalarla bağlı da internet saytında yerləşdirilmiş xüsusi bölmə vasitəsilə tanış olmaq imkanı əldə edəcəklər.
Əbülfəz Dünyamalıyev