NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq muxtar respublikada səhiyyə sahəsində görülən işlərdən danışıb, icbari tibbi sığortanın əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqi rayonda tibbi xidmətin keyfiyətinin daha da artırılmasına, əhalinin və tibb işçilərinin sosial rifahının yaxşılaşmasına şərait yaradacaq.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarına əsasən Sədərək və Şərur rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Avqustun 1-dən Kəngərli rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Bu məqsədlə müvafiq işlər görülüb, rayon əhalisi qeydiyyata alınıb, tibb işçilərinin əməkhaqqısı əhəmiyyətli dərəcədə artırılıb. Həyata keçirilən işlər çərçivəsində Kəngərli Rayon Mərkəzi Xəstəxanasında internet şəbəkəsi yaradılıb, 27 kompüter və mərkəzi server qurularaq Səhiyyə İnformasiya İdarəetmə Sistemi yaradılıb. Xəstəxananın təcili tibbi yardım laboratoriyası və doğum şöbəsi yenidən təşkil edilib, ilkin səhiyyə xidməti müasir tələblərə uyğunlaşdırılıb. Qeyd olunub ki, əhaliyə göztərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədilə Portativ süni tənəffüs aparatı, pediatrik və böyüklər üçün Pulsoksimetr, rəng duyğusu təyini testləri üçün müasir avadanlıqlar alınıb quraşdırılıb. Rayonda yaşayan 32 min 421 sığortaolunana rayon inzibati ərazisində yerləşən 1 mərkəzi xəstəxana, 5 həkim ambulatoriyası və 5 feldşer-mama məntəqəsində 23 müxtəlif ixtisaslı həkim, 68 orta tibb işçisi, 1 laborant olmaqla, ümumilikdə 170 tibb işçisi tərəfindən 393 adda tibbi xidmət göstəriləcək.
Tədbirdə agentliyin şöbə müdiri Vüsal Məmmədov və əməkdaşı Nazəni Rüstəmli slaydlar vasitəsilə izahlar veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Turab Hacızadə