“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın proqram təminatında bir sıra təkmilləşdirilmələr aparılıb
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın proqram təminatında bir sıra təkmilləşdirilmələr aparılması məqsədi ilə tədbir keçirilib.
Komitədən NUHÇIXAN-a verilən məlumata görə, keçirilən tədbirdə mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu sahə üzrə təyin edilmiş məsul şəxslər iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı 2016-cı ildə istifadəyə verilib. Məlumat bankının administratoru Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, istifadəçiləri isə uşaq hüquqlarını qoruyan 17 təşkilatdır. Elektron məlumat bankı aidiyyəti dövlət orqanları tərəfindən daxil edilən məlumatlar əsasında formalaşır və məsul olan dövlət orqanlarının müvafiq olaraq istifadəsi üçün nəzərə tutulub.
Ötən dövr ərzində elektron məlumat bankına istifadəçilər tərəfindən 26 mindən çox məlumat daxil edilib. Məlumat bankına məlumatların daha operativ daxil edilməsi və statistik təhlil aparılması məqsədilə proqram təminatında yeni təkmilləşdirilmələr aparılıb. Yenilənmiş proqram bu gündən istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində internet saytlarının hazırlanması və təhlükəsizliyinin qorunması məsələləri üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov elektron məlumat bankının proqram təminatında edilmiş yeniliklər barəsində məlumat verib və istifadəçilərin suallarını cavablandırıb.
Tədbirin sonunda operatorlara elektron məlumat bankının administratoru tərəfindən istifadəçi adı, parol və digər bağlantı parametrləri verilib.