İyulun 31-də Beynəlxalq Mətbuat Mərkəzində “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icra etdiyi “Azərbaycan Respublikasının dövlət himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsinə həsr olunmuş tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, layihənin təqdimatında çıxış edən ictimai birliyin sədri Cəmilə Abdulova 15 eşitmə məhdudiyyətli gəncin dövlət himnimizi işarət dilində ifa etdiklərini qeyd edib: “Layihənin icrasına mayın 1-dən başlanılıb. Himn dəfələrlə özfəaliyyət qrupları tərəfindən jest dilində ifa edilsə də, dövlət dəstəyi ilə ilk dəfə hazırlanaraq cəmiyyətə təqdim olunur. Bu, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir”.
Təşkilatın sədri sağlamlıq imkanları məhdud şəxslərin hər zaman dövlətin diqqət mərkəzində olmasına baxmayaraq, eşitmə və nitq məhdudiyyətlilərin ünsiyyət və münasibət qurmasında, eləcə də ölkədə baş verən hadisələrlə əlaqədar informasiya almasında müəyyən çətinliklərinin olduğunu diqqətə çatdırıb: “Həmin problemin aradan qaldırılması üçün eşitmə və nitq qabiliyyəti məhdud olan uşaq və gənclərin ictimai aktivliyini yüksəltmək və informasiya balansının artırılmasına ehtiyac var. Çünki onlar ölkəmizi beynəlxalq və ya yerli tədbirlərdə təmsil edir, himnimiz səslənən zaman mahiyyəti başa düşsələr də, sözləri anlamırlar. Ona görə də dövlət himnimizin işarət dilində hazırlanmasına və cəmiyyətə təqdim olunmasına ehtiyac duyulurdu”.
Tədbirdə qeyd olunub ki, layihə çərçivəsində hazırlanan klip sağlamlıq imkanları məhdud gənclərin dünyaya mesajı olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının təşviqinə də xidmət edəcək. Azərbaycan Respublikasının dövlət himninin ərsəyə gətirilməsindən 100 il ötdükdən sonra ilk dəfədir ki, dövlət dəstəyi ilə jest dilinə tərcümə edilərək təqdim olunur. C.Abdulova himnin həmin versiyasının bir çox dövlət tədbirlərində, televiziya kanallarında, məktəblərdə və idman yarışlarında nümayişinin böyük qürur hissi doğuracağını bildirib.
Sonra himnin işarət dilində ifasına çəkilmiş klip nümayiş olunub. Klipin başlanğıcında eşitmə və nitq əngəlli uşaqlar dünyaya sülh mesajı veriblər.
Təqdimatdan sonra tədbir iştirakçıları öz rəylərini bildirərək görülən işi yüksək dəyərləndiriblər.
Tədbirin sonunda layihədə iştirak edənlərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.