“Azərbaycan Su Təsərrüfatında İrriqasiya Avadanlıqları” layihəsinin həyata keçirilməsi üçün müqavilə imzalandı - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda “Azərbaycan Su Təsərrüfatında İrriqasiya Avadanlıqları” layihəsinin həyata keçirilməsi üzrə müqavilə imzalanıb.
Müqavilənin imzalanması mərasimində Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, bu layihə artıq Çin hökumətinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi çoxsaylı irihəcmli layihələrdəndir. Bundan əvvəl də kənd təsərrüfatı sahəsi üzrə 2017-ci ilin fevral ayında “Bərəkət Toxumçuluq” təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirilib. Bu isə ikincidir.
Layihəyə əsasən sözügedən toxumçuluq təsərrüfatına 33 adda 80 ədəd kənd təsərrüfatı texnikası və avadanlıqları verilib. Hazırda təsərrüfatın 2 min hektar torpaq sahəsi var və 1023 hektarında qapalı suvarma şəbəkəsi qurulub. Cari ildə verilmiş texnikalarla 1037 hektar sahədə əkin və biçin işləri aparılıb, 2500 ton taxıl istehsal olunub. Bu da muxtar respublikada dənli bitkilərin toxumuna olan tələbatın ödənilməsində mühüm rol oynayıb. Gələcəkdə bu texnikalarla 2 min hektar sahədə əkin aparılması və 6 min ton məhsul istehsalı gözlənilir.
Diqqətə çatdırılıb ki, meliorasiya sahəsində həyata keçirilən ikinci layihəyə əsasən veriləcək 17 adda 67 ədəd texnika da muxtar respublikanın kənd təsərrüfatının aparıcı sahələrindən olan meliorasiya təsərrüfatının daha da yaxşılaşmasına və inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Elşad Əliyev meliorasiya sahəsində həyata keçirilən bu layihəyə görə muxtar respublikanın rəhbəri və hökuməti adından Çin Xalq Respublikası hökumətinə dərin hörmət və ehtiramını bildirib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin ticari-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan bildirib ki, müqaviləyə əsasən avadanlıqların daşınması, onların sığortalanması, quraşdırılması və zəmanət müddətində texniki xidmətin göstərilməsi xərclərini Çin dövləti ödəyəcək. Bu işlərlə Çinin Çindau şəhərində fəaliyyət göstərən “AUCMA” import-export şirkəti məşğul olacaq. Avadanlıqlar və texnikalar Naxçıvan Muxtar Respublikası gömrüyündə Azərbaycan tərəfinə təhvil veriləcək. Müqavilənin dəyəri 22 milyon 580 min Çin yuanıdır. Göndəriləcək bütün mallar Çin Xalq Respublikasının texniki şərtləri və standartlarına uyğun istehsal olunub və həmin dövlətin müvafiq orqanlarının keyfiyyət sertifikatlarına malikdir.
Van Çunqan qeyd edib ki, bu texnikaların quraşdırılması və iş prinsipinin öyrədilməsi üçün texniki personalın göndərilməsi və bir ay müddətində bu işlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Müqaviləni Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin ticari-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan imzalayıblar.
Əbülfəz Dünyamalıyev