Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şərur rayonunun Diyadin kəndində yaşayan aztəminatlı və sağlamlıq imkanı məhdud övladı olan Hüseynovlar ailəsinə baş çəkilib.
Tədbir Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Ailə ilə görüş zamanı bildirilib ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial rifahının yüksəltmək üçün onların məşğulluq problemi həll olunur. Aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər isə mütəmadi təşkil edilir. Həmçinin, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Əməkdaşlar aztəminatlı ailə olan Hüseynovların da yaşayış şəraiti ilə yaxından maraqlanıblar. Ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib və onlara ərzaq payı verilib.
Sonda ailə başçısı Tamella Hüseynova dövlətimiz tərəfindən onlara göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.