Bu il müavinət və təqaüdlərin artımı ümumilikdə 1,3 milyon vətəndaşı əhatə edib. Bunlardan 300 mindən çoxu məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu tələbə və gənclərdir. Ümumilikdə həmin müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edir və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb.
NUHÇIXAN xəbər verir ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev vurğulayıb ki, dövlət başçısının sosial təşəbbüsü olaraq, ötən ilin axırlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edilib. 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edilib. Bunun nəticəsində yanvarın 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb: “Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi üçün il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi əhatə olunacaqdır”.
Sosial təminat sisteminin digər sahələrində də avtomatlaşdırma tədbirlərinin davam etdiriləcəyini bildirən nazir müşavirədə müavinət və təqaüdlərin təyinatının avtomatlaşdırılması tədbirləri başa çatdıqdan sonra bu il üçün 180 min müraciətin tam şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin olunacağını qeyd edib.