Bu il həyata keçirilən uğurlu sosial islahatlar vətəndaş rifahının təminatının yüksəlməsinə səbəb olacaq
Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin ötən dövründə reallaşdırılan hər iki sosial paketin ümumi dəyəri 2019-cu il üçün 2,3 milyard manat, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon vətəndaşı əhatə edir. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb.
Müşavirədə nazir bildirib ki, birinci paket 3 milyon vətəndaşı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi: “Bu sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan ibarət əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”.