“Zümrüd tekstil” MMC yeni dərs ili üçün məktəbli geyimləri hazırlayır

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. “Zümrüd tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti də məktəbli formalarına olan təlabatın ödənilməsini təmin etmək üçün yaradılan şəraitdən səmərəli istifadə edir.

İstehsal gücü gün ərzində 150 dəst kostyum olan müəssisədə  müxtəlif tikiş, naxışvurma, pres aparatı və digər aqreqatlar quraşdırılıb. Burada yaradılmış şərait keyfiyyətli geyim məhsullarının istehsalına imkan verir. Müəssisədə yeni tədris ili üçün məktəbli formalarının hazırlanmasına başlanılıb. Müəssisəyə xammal qonşu Türkiyə Respublikasından gətirilir. Gətirilən parçalar keyfiyyətli olduğundan  istehsal edilən məktəbli formalarına tələbat çoxdur.  Müəssisədə 30 nəfər daimi işlə təmin olunub. “Zümrüd tikiş” Məhdud Məsuliyyətli Cəmiyyətində isə müxtəlif növ köynəklər istehsal olunur.

Qiymətlərə gəldikdə isə bu il məktəbli formalarının satış qiyməti ölçüsündən asılı olaraq 27 manatla - 47 manat arasında dəyişəcək. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də daxil olmaqla Ordubad, Culfa və Şərur rayon mərkəzlərindəki satış mağazalarında, eyni zamanda təşkil olunacaq məktəbli yarmarkalarında alıcılara təqdim ediləcək.

Qeyd edək ki, müəssisə muxtar respublikamızda hüquq-mühafizə orqanlarının əməkdaşları, ali və orta məktəblərin müəllim və tələbələr üçün də geyim formalarının istehsalı ilə məşğuldur.

 

                                                                   Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: