Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iyul ayında muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qоrunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, tikintidə, sənaye və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin оlunması istiqamətində qarşıya qоyulmuş vəzifələrin icrası əsasən yerinə yetirilib.  

Şərur rayonunda 7, Ordubad rayonunda 8, Culfa rayonunda 8 və Sədərək rayonunda 5 obyektin fövqəladə hallara hazırlıq vəziyyəti yoxlanılıb.

Muxtar respublikada radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 6 tibb müəssisəsində və Heydərabad Su Monitorinq Laboratoriyasında yoxlamalar aparılıb, tibb müəssisələri radioloji-gigiyenik pasportlarla təmin edilib.

Mülki müdafiə işinin təşkili ilə bağlı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında əməli məşğələ, Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib. 22 obyektdə 613 nəfərin iştirakı ilə maarifləndirici tədbir, 15 obyektdə mülki müdafiə qüvvələrinin 573 nəfər şəxsi heyətilə qrup məşğələsi təşkil edilib.

Naxçıvan şəhərində 6 yaşayış binasının zirzəmisi məişət tullantılarından təmizlənib, 6 binanın tüstü bacalarına və havaçəkən kanallarına baxış olub, 3 binada 80 mənzilin nasaz tüstü bacaları və havaçəkən kanalları təmizlənib.  Əsaslı təmir olunan 3 binanın zirzəmisində təmir işlərinin mülki müdafiənin mühəndis-texniki tələblərinə uyğun aparılmasına nəzarət olunub, Şərur şəhərində 13, Culfa şəhərində 22 yaşayış binasının  mülki müdafiə təyinatlı zirzəmisinin vəziyyəti yoxlanılıb, 2 binanın zirzəmisi sığınacaq kimi qeydiyyata alınaraq pasportu hazırlanıb.

Muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə 141 obyektdə diqqətli, 176 obyektdə nəzəri, 11 obyektdə məqsədli yoxlamalar, 31 obyektdə yanğına qarşı maarifləndirici tədbirlər keçirilib. 764 yaşayış evinə baxış olub, yanğın cəhətdən təhlükəli 8 ədəd elektrik xəttinin, 12 ədəd qeyri standart tüstü borusunun, 5 ədəd şlanqla çəkilmiş qaz xəttinin və 10 ədəd qazla işləyən nasaz su qızdırıcısının yeri dəyişdirilərək təhlükəsiz yerdə quraşdırılıb. İstehsal və sosial təyinatlı obyektlərdə yanğın təhlükəsizliyinin vəziyyəti yoxlanılıb.

Taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin olunması, sahələrin biçindən sonra yandırılmaması istiqamətində qabaqlayıcı tədbirlər görülüb, intensiv biçin aparılan yerlərdə yanğından mühafizə bölmələrinin xidməti 11 yanğınsöndürmə avtomobili vasitəsilə təşkil edilib, kоmbaynların yanında gündəlik оlaraq patrullar təyin olunub.  

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı sahibkarlıq subyektlərində izahat işləri aparılıb, 92 obyekt icbari sığortalanıb.  

Tikintidə təhlükəsizliyə nəzarət məqsədilə Naxçıvan şəhərində yeni tikilən 4 yaşayış binasının işçi layihə sənədlərinə ekspertiza rəyi verilib, 1 inzibati binanın tikintisi ilə bağlı ərazidə mühəndis-geoloji kəşfiyyat işləri aparılıb.  

Tikinti-quraşdırma işlərinin qüvvədə olan tikinti norma və qaydalarına, standartlarına uyğun aparılmasına nəzarət olunub.

Nazirliyin struktur qurumları muxtar respublika ərazisində baş vermiş yоl-nəqliyyat qəzalarının, yanğınların nəticələrinin aradan qaldırılmasına cəld və çevik reaksiya verib, Uzunoba çimərliyində xilasedici dalğıcların gündəlik xidməti təşkil edilərək 12500 nəfərin təhlükəsiz istirahəti təmin edilib. Bundan başqa bir sıra mühüm tədbirlər həyata keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: