Qışlaqabbas kəndində yeni sosial obyektlər istifadəyə verildi - YENİLƏNİB - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Qışlaqabbas kəndində kənd və xidmət mərkəzləri istifadəyə verilib. 

Bununla əlaqədar keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, bu ilin əvvəlində Şərur şəhərində Uşaq Xəstəxanasının, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi və yenidən qurulması, rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, mərasim evinin, altımərtəbəli 40 mənzilli müasir yaşayış binasının, Qarxun kəndi ərazisində isə Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastrukturların tikintisi, təqaüdçülər klubu, ticarət mərkəzinin əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Eyni zamanda Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur.

Hazırda rayonun yeddi kəndində kompleks-quruculuq işləri həyata keçirilir,-deyən Kamal Cəfərov bildirib ki, 4 yaşayış məntəqəsində- Muğanlı, Muğancıq Mehrab, Xələc və Yeni Havuş-Xətai kəndlərində kompleks quruculuq işləri, Məmmədsabir kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışar kəndində kənd və xidmət mərkəzləri, Maxta kəndində isə Çernobıl əlili üçün yaşayış binası inşa olunur.

Bununla bərabər Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yenidən qurulması layihəsinin davamı olaraq Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi davam etdirilir. Dizə kəndində isə gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisinə başlanılıb.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Qışlaqabbas kəndində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Çıxışlardan sonra kənd və xidmət mərkəzlərinə baxış olub. Qeyd edək ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün 3 otaq, bələdiyyə üçün 2 otaq, 50 nəfərlik iclas zalı, Yeni Azərbaycan Partiyasının Qışlaqabbas kənd ərazi ilk təşkilatı, kitabxana və klub, baytar, statistika, arxiv üçün 1 otaq nəzərdə tutulub.

Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcək ki, burada da 7 nəfər işlə təmin olunacaq.

Qışlaqabbas kənd əhalisinin də keyfiyyətli və dayanıqlı elektrik enerjisi və qazla təmin olunması üçün aparılan yenidənqurma işləri zamanı ərazidə 11 elektrik dirəyi basdırılıb, 2 transformator quraşdırılıb, 1200 metrə yaxın izolyasiyalı məftil və kabel çəkilişi aparılıb, 1400 paqonometr uzunluğunda qaz borularında yerdəyişmə, təmir-bərpa işləri həyata keçirilib. Kənd sakinlərinin suvarma suyu ilə təmin edilməsi üçün 1,3 kilometr uzunluğunda suvarma arxları qazılıb, 375 metr əsas yol salınıb, 1 körpü məhəccəri quraşdırılıb, 2 su borusunun başlığı betonlanıb. Bütün bunlarla yanaşı, Qışlaqabbas kəndi ərazisində yerləşən eramızdan əvvəl IV-I minilliyi əhatə edən “Şortəpə nekropolu”nun ətrafında da müvafiq işlər görülüb, abidənin ətrafı çəpərlənib.

                                                          Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: