Zamanın hiss olunmadığı məkan... - FOTOLAR

(Reportaj)

A- A A+

Ömrümüzü, günümüzü yorulmaq, usanmaq bilmədən əqrəbləri ilə hey irəliyə doğru aparan saat yaranandan öz işini, beləcə, eyni ahənglə görməkdədir. Lakin bəzən adama elə gəlir ki, zaman durub, irəliləmir. Xüsusilə də yayın isti, yorucu günlərində hər kəs zamandan gileylənir. Gündüzün istisindən usanıb, axşamın sərin çağını səbirsizliklə gözləyən insanlardan “Bu vaxt niyə ötmür?” sözlərini tez-tez eşitmək olur. Bax yayın belə isti günlərindən birində, sanki zamanın durduğu bir vaxtda şəhərimizdə yenicə istifadəyə verilən, gündüzlər bir başqa, gecələrsə tamamilə möhtəşəm görüntüsü ilə maraqdoğuran “Saat Meydanı” turistik istirahət mərkəzinə üz tuturam. 

Qədim Naxçıvanın müasir hüsnünə vurulan naxışların növbəti çaları olan, geniş turizm potensialına malik diyarımıza gələn turistlərə kompleks şəkildə xidmət göstərilə biləcək bu məkanı – “Saat Meydanı”nı marketinq və satış müdiri Aynur Oruclu ilə gəzirik. Aynur xanım klassik və milli memarlıq üslubunda inşa olunmuş mərkəzin 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarət olduğunu bildirir. 2 girişi olan binada 5 dükan, uşaq əyləncə bölməsi, gənc­lər üçün intellektual oyun zalı, otel, 4 zaldan ibarət 125 yerlik kino­teatr, 4 restoran və 2 kafe yerləşdiyini deyir. Burada diqqətimi ilk olaraq çəkən qeydiyyat zalında divara vurulan 4 saatın Naxçıvan, İstanbul, London və Moskva vaxtlarını göstərən əqrəblərinin zaman adlı yükü dayanıb-durmadan fədakarcasına irəliyə doğru çəkmələri olur. Fərqli vaxtların sanki bir-birinə çatmağa tələsirmiş kimi mücadiləsinin yaratdığı doyumsuz mənzərənin sehrindən məni Aynur xanımın səsi ayırır: “Sizi “Batumi” restoranı ilə tanış edim”.

Divarlarına qədim Batumi şəhərinin görünüşünü, gürcü mədəniyyətini əks etdirən rəsmlərin işləndiyi restoran 65 nəfərlikdir və burada qonaqlara gürcü mətbəxinin ləziz yeməkləri təklif olunur. Məkan xüsusi günlərlə bağlı tədbirlərin, nişan, ad günü, banketlərin keçirilməsi üçün çox əlverişlidir. Buraya ailəsi ilə gələn İntiqam Əliyev ilə tanış oluram. Ailə bir neçə gündür ki, Bakıdan gəlib. İntiqam deyir: “Hər il yay fəslində buradakı qohumlarımgilə istirahətə gəlirik. Hər gəldiyimizdə də belə yeni ünvanların yaradıldığının şahidi olur və orada vaxt keçirmək istəyirik. Builki gəlişimizdə də “Saat Meydanı”nı görüb, həqiqətən, bu möhtəşəm tikiliyə heyrət etdim və ailəmlə birlikdə bura ilə tanış olmaq istədik. Öyrənəndə ki, meydanda müxtəlif restoranlar var, gənclik çağımda bir neçə il Gürcüstanda yaşadığım üçün gürcü mətbəxinə məxsus olanı seçdim və gördüyünüz kimi, burada qəhvəaltı edirik. Bir azdan film izləyib, mağazaları gəzəcəyik”.

Mərkəzdəki digər restoran isə Asiya-Yaponiya, Çin, Sinqapur və Tayvan mətbəxlərinin yer aldığı “Jasmine”dir. Menyusunda onlarla təam olan restoranın əsas müştəri cəlbi yapon mətbəxinə məxsus məşhur suşi yeməyi ilədir. Baş aşpazın dediyinə görə, burada suşinin Ebu Torri, Sakura, Kaliforniya, Filadelfiya növləri daha çox satılır. Bu mətbəxin özəlliyi isə ondan ibarətdir ki, buradakı yeməklərin yanında çörək təklif olunmur – Pekin ördəyi qızartmasının yanında xüsusi lavaşdan başqa. Müxtəlif ət və dəniz məhsullarının yer aldığı 32 nəfərlik bu restoran gənclərin ən çox üz tutduqları ünvandır. Naxçıvan Dövlət Universitetinin tələbələri Aytən Ələkbərova, Şəfiqə İbrahimova, Aytən Sabirli və Sona Cəlilova ilə burada tanış olub fikirlərini öyrənirəm. Onlar Asiya mətbəxini xoşladıqlarını, xüsusilə buraya suşi yemək üçün gəldiklərini bildirirlər. Qiymətlərin tələbə büdcəsinə uyğun olduğunu deyən qızlar buradakı təmizlikdən, sərinlikdən, yeməklərin keyfiyyətindən ağızdolusu danışırlar. 

Digər mətbəxlə – milli mətbəximizə və ağız dadımıza daha yaxın türk mətbəxinin ləziz təamlarının yer aldığı “Köşəbaşı” restoranı ilə tanış oluram. Aynur xanım bildirir ki, “Köşəbaşı” Türkiyədə məşhur restoranlar şəbəkəsidir və burada gördüyünüz restoranın eynisi Özbəkistanda, İngiltərədə, bir də Bakıdadır. Bu şəbəkənin özəlliyi ondadır ki, hər yerdə məkan eyni dizaynla qurulur. 54 nəfərlik restoranda 10 nəfərlik VİP salon da fəaliyyət göstərir ki, bura kiçik tədbirlərin keçirilməsi üçün çox gözəldir. Restoranda qonaqlara türk mətbəxinin məşhur yeməkləri – pide, lahmacun, kabab, şorba, salat və şirniyyatlar təklif olunur. Burada rastlaşdığım Güney və Şəbnəm bacılarına yaxınlaşıb məkan haqqında fikirlərini öyrənirəm. Onlar deyirlər: “Saat Meydanı” həm diyarımıza gələn qonaqların, həm də hər bir naxçıvanlının gözəl istirahəti üçün ideal bir məkandır. Burada həm otellərin, həm restoran və kafelərin, həm kino və oyun zallarının, mağazaların bir araya sığdırılması şəhərimizə gələn turistlərlə yanaşı, sakinlərin də hərtərəfli istirahətinin təminatı deməkdir. Ona görə də hər kəs kimi, biz də bu məkana gəlməkdən zövq alırıq. Burada həm müxtəlif mətbəx nümunələrindən dadmaq, çay, qəhvə içmək, kitab oxumaq, film seyr etmək, həm də mağazalardan alış-veriş etmək imkanı vardır”.

Restoranlardan sonuncuya – “English Pub”a daxil oluruq. Bir “Pub” dünya standartlarına uyğun necə qurulursa, 47 nəfərlik bu məkan da divarlardakı rəsmlərlə, masaların üstündəki və digər yerlərdə qoyulan aksesuarların özünəməxsusluğu ilə eyni qurulub. Burada qonaqlara Avropa və dəniz məhsulları təklif olunur. Naxçıvanın məşhur sazan balığı da bu restoranın menyuları sırasında yer alır. Menyuda spagetti, toyuq və ət langetləri, salatlar, şorbalar, əsasən, soyuq qəlyanaltılar, hisə verilmiş balıqlar, spirtli içkilər – rakı, viski, qırmızı və ağ şərablar, pivə, araq yer alır. 

Restorandan çıxıb burada tanış olacağımız yeni bir ünvana üz tutarkən möhtəşəm saat qülləsindən hər saatın tamamında ətrafa yayılan və hazırda saatın 1200 olduğunu göstərən – milli musiqimizin səsinə ayaq saxlayır və bu ecazkar səsin gəldiyi səmtə baxıram. Qüllədən bir qədər aşağıda, sanki nağıllarda olduğu kimi qapı açılır, xalqımıza məxsus milli geyimdə, əllərində milli çalğı alətləri olan qadın və kişi fiqurları bir fraqment kimi keçir, musiqi bitərkən isə qapılar bağlanır. Bu gözəl görüntüləri izləyib, gəzintimizi davam etdiririk…

Mərkəzdə 47 nəfərlik 2 “Chocha” və 40 nəfərlik “Chefm” kafeləri fəaliyyət göstərir. “Chocha” kafesi şəhərin cazibədar mənzərələrinə açılan bir neçə terrasla özünəməxsus gözəlliyə malikdir. Kafe tamamilə yerli məhsullar əsasında qonaqlara xidmət göstərir. Burada təklif olunan çeşidli şirniyyatlar, məxsusi dada malik şokoladlar, desert, dondurmalar kafenin birinci mərtəbəsində hazırlanır. Kafedə xüsusi qəhvədəmləyən aparatlarda hazırlanan təbii qəhvə də təklif olunur. Burada 3 yerdə “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb ki, kitabsevərlərin sərin və mənzərəli kafedə mütaliə etmələri üçün bu, çox əlverişlidir. 

“Chefm”də isə hər kəsin ağız dadı olan fastfoodlar, burgerlər, tostlar təklif olunur. Burada uşaqlara xüsusi hədiyyələr də edilir. Kafedə bir ailə diqqətimi çəkir. Onlara yaxınlaşır, salam verib söhbət etmək istədiyimi bildirirəm. Ailə başçısı böyük məmnuniyyətlə özlərini təqdim edir: “Mən Murad Yerdelen, həyat yoldaşım Melis, qızım Nihan. Türkiyənin Van vilayətindən bir neçə gündür, Naxçıvana gəzməyə gəlmişik. Bura çox gözəldir. Müasir bir şəhərdəyik. Hər gün bu məkanda yemək yeyirik. Hava çox isti olsa da, buradakı sərinlik adama çox xoş gəlir. Təmizliyə söz ola bilməz. Yeməklərin çeşidli olmasını çox bəyəndim, dadları isə möhtəşəmdir”.

Nahar vaxtı olduğundan qısa bir fasilə verib günün ikinci yarısı mərkəzdə gəzintini davam etdiririk. Aynur xanımla birlikdə 4 zaldan ibarət 125 yerlik kinoteatra daxil oluruq. Kinoteatrda “Cinema Plus” kinoteatrlar şəbəkəsi tərəfindən ən yeni dünya və yerli filmlər nümayiş olunur. 3D texnologiyası, rəqəmsal kino­proyektorlar, müasir işıq və səs sistemləri filmləri yüksək keyfiyyətdə təqdim etməyə imkan verir. Buna zallardan birində gənclərin seyr etdikləri Rusiya kinemato­qraflarının istehsalı olan “Satılmış gülüş” filminin bir hissəsini onlarla birlikdə izləyəndən sonra bir daha əmin oluram. Kinoteatrın girişində monitorlar vasitəsilə film seçmək imkanı yaradılıb. Buraya gələnlərə iaşə xidməti də göstərilir. 

Daha sonra “VR” – gənclər üçün intellektual oyun zalına daxil oluruq. 3 oyunçunun, eyni zamanda istifadə edə biləcəyi zalda müxtəlif film-oyunlar təklif olunur. Son texnologiya ilə hazırlanmış filmlərdən birinə – dənizlə bağlı filmə baxıram. Elə ki gözlük və qulaqcığı geyinirəm, film başlanır və mən, sanki oyun zalında deyil, özümü dənizin ortasında hiss edirəm, hansı istiqamətə çevrilirəmsə, yalnız dəniz görünür. Öyrənirəm ki, oyun zalında 24 belə film, oyuna baxmaq olar. Burada da sərinləşdirici suların satışı təşkil olunub. Zaldan çıxarkən elə qapıdaca bir gənclə – Fuad Əliyevlə qarşılaşıram. Ondan “Saat Meydanı” barədə fikirlərini bildirməsini xahiş edirəm. Fuad deyir:

– Bir gənc kimi, qürur duyuram ki, Naxçıvan şəhərində belə gözəl mərkəz tikilib istifadəyə verilib. Otel, restoran, kafe, kinoteatr, oyun zalı, mağazaların fəaliyyətinin bir yerdə təşkili bu məkanı daha maraqlı, cəlbedici edib. Meydanda hər həftə təşkil olunan konsertlər isə daha gözəldir. Xüsusilə gənclərin zövqünə uyğun müğənnilərin dəvət olunması, bu konsertlərdə onları saatlarla yaxından görmək və dinləmək imkanı bu arzuların nə qədər əlçatan olduğunu yaşadır bizə. Bura hər kəsin, xüsusilə biz gənclərin ən sevimli ünvanıdır.

Fuadla sağollaşıb ayrılıram. Qarşıda üzərində “Mini Mini” sözləri yazılmış bir lövhə diqqətimi cəlb edir. Aynur xanımdan bu barədə soruşuram. O isə “Gəlin öz gözlərinizlə görün”, – deyir. İçəri keçirik. Bura valideynlərinin mərkəzdə istirahət və alış-veriş edərkən onların 2-8 yaşlı uşaqlarının saxlandığı məkandır. Bu məkan tamamilə uşaq dünyasına uyğun qurulub. İki müəllimin nəzarəti altında burada uşaqlar müxtəlif attraksionlarda əylənir, musiqi alətləri ilə vaxt keçirir, tele­vizora baxır, rəsm çəkir, rəqs edirlər. 

Artıq axşamçağıdır. Mərkəzdəki “Karaca” kişi və qadın, “Kids” uşaq geyimləri mağazaları ilə tanış olub, burada satılan keyfiyyətli brend məhsullara baxınca hava tam qaralır. Aynur xanımın dəvəti ilə çay içmək üçün yenidən “Chocha” kafesinə qayıdırıq. Bura qələbəlikdir. Kafenin içərisində, terraslarında, bir də ki buradan liftlə qalxdığımız 5-ci mərtəbədəki dairəvi balkonda hər yaşdan olan insanları görürəm. Onlar arasında gənclər çoxluq təşkil edir. Hər kəs bu yüksəklikdən ətrafı – füsunkar gözəlliyə malik Naxçıvan şəhərinin gecə görüntülərini seyr edir. Şəhərimizin nə qədər gözəl olduğunu məhz buradan onu seyr etdikcə bir daha duyursan: Sayrışan işıqlar göz baxdıqca qarşıda möhtəşəm bir mənzərə yaradır. Gündüzləri bir tamaşa, gecələri bir başqa olan şəhərimizin doyumsuz mənzərəsini. Ətrafdakı insanların hamısı bu gözəlliklərdən danışır, təəssüratlarını bölüşürlər, gördüklərini fotoaparatlara, telefonların yaddaşına köçürürlər. Düşünürəm ki, artıq bu gözəllikləri ifadə etməyə sözün gücü çatmayacaq. Ona görə də hər kəsin gəlib bunları öz gözləri ilə görməsi diləyi ilə bir gün ərzində zamanın necə keçdiyini hiss etmədiyim “Saat Meydanı”ndan reportajımı buradaca bitirirəm.

 Mətanət Məmmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: