Şərurda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil olunub. Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva qeyd edib ki, muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasətinin tərkib hissəsi olaraq istedadlı qadınların fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olması da bu tədbirlərin davamıdır. Bildirilib ki, muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. Şərur rayonunda da xüsusi istedadları ilə seçilən rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir. Bu ilin iyun ayında Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Şərur rayonunda keçirilən iki günlük təlimlərdə istedadlı və biznes ideyasına malik olan 30-a yaxın qadın iştirak edib, onlara sertifikatlar təqdim olunub. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif peşə kursları təşkil olunur.
Sonra sərgiyə baxış olub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı tikmə, toxuma, xalçalar və digər dekorativ sənət nümunələri maraqla qarşılanıb.
İstedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda rayonun 52 istedadlı qadınının 400-dən artıq rəsm və əl işi nümayiş olunur.
Turab Hacızadə