Kənd həyatına kənardan baxmaq onu dərindən dərk etməyimizə o qədər də kömək olmaz. Bunun üçün bu həyatın içinə girmək və onu bütün istəyinlə, ruhunla yaşamaq lazımdır. Uzun müddət idi ki, bu saf mühitlə bağlı nə isə yazmaq istəyirdim. Qərara aldım ki, Şahbuz rayonunun ən ucqar kəndi olan Keçilinin bir günlük həyatını qələmə alım. Elə buna görə də kəndə üz tutdum. Hər il qohumlarımı görməyə getdiyim bu kəndə növbəti dəfə artıq tələbə-jurnalist kimi gedirdim. Etiraf edim ki, bir qədər özüm üçün də maraqlı idi. Rahat asfalt yolla ucqar dağ kəndinə necə çatdığımı hiss eləmədim. Çünki yolboyu ətrafda görünən rəngarəng təbiət mənzərəsi insanların yaratdığı gözəlliyə qarışmışdı.
...Qohumlarım məni kənd insanlarına məxsus səmimi, istiqanlı qarşıladılar. Necə olsa axı tələbə-jurnalist idim. Bu kənddə də digər yerlərdə olduğu kimi tələbələrə ayrı sayğı və hörmət var. Kənd adamı üçün ali təhsil alan biri gələcəyin ziyalısıdır. Əslində belə də olmalıdır. Ən yaxşı biliklərə, vərdişlərə elə tələbəlikdən yiyələnməlisən.
Kəndin sərin havası və axşamı başqa aləmdir. Dağın yamacında tikilən evin eyvanına çıxıram və bir anlıq gözlərimi yumub ətrafı dinləyirəm. Təbii səslər bir-birinə qarışıb. Bu kəndin səsidir. Kəndlə əlaqəsi olanlar bilər bu hissi. İnsanın ruhuna sığal çəkir bu rahat səs. Bu səsdə qayğıkeş insanlar, çay, quş, axşam örüşdən qayıdan mal-qara, hətta deyərdim ki, əsən küləyin də səsi bir harmoniya- əvəzsiz musiqi yaradır. Ruha qida verib insanı təbiətin qoynuna, ruhani bir aləmə aparır. Ən gözəl bəstəkarın nəğməsidir bu səs...
Bu səsə evin xanımının axşam örüşdən qayıdan inəyi sağan zaman dolu qazana şırıltı ilə axan südün səsini, anasının həndəvərində dayanan buzovun hərdən giley dolu mələrtisini əlavə etdikdə sanki tamam başqa dünyaya düşürsən.
Kəndin axşamları isə sanki poeziya dolu bir aləmdir. Burada ulduzlar daha yaxın, dağlar daha böyükdür. Mən deyərdim ki, hələ gecələr də bir qədər işıqlıdır.
Gündəlik təsərrüfat işlərindən sonra bir süfrə arxasına toplanıb iştaha ilə yemək yeyən kənd ailəsini görmüsünüzmü? Bu məqamla bağlı deməyə söz tapa bilmirsən. Sanki süfrələrin, evlərin bərəkəti elə buradan, şükranlıqla, ləzzətlə yeyilən dadlı təamlardan başlayır.
Yuxular da kənddə daha şirin, daha möhkəmdir. Hətta yatanda yuxu da görə bilmirsən. Sərin, tər-təmiz hava, insanların özləri və qonaqlar üçün yundan, qu tükündən düzəltdiyi bulaq suyunun ətrini verən yorğan-döşəyi, yastıq-balıncı lay-lay deyir adama.
Hələ bunun səhər bir də yuxudan oyanmağı var. Günəşdən qabaq oyanan kənd adamlarının qayğıları örüşə yola salınan mal-qaranın səsinə qarışır. Bir qədər sərin mehdən üşüyən çılpaq qollarını qalın yorğanın altına salıb yatmaq istəsən də alınmır. Dünyanın ən təbii həyatı başlayır. Hətta ən mükəmməl kinolarda belə lentə alınmayan mənzərələri qaçırmaq istəmirsən. Yerindən duran kimi ətrafına baxanda yalnız sənin evdə tək olduğunu hiss etmək isə məncə bir qədər adamı utandırır. Axı hamı çoxdan işində-gücündədir. Üstəlik “iki daşın arasında” evin xanımı (hələ bu sənin xalan və ya bibin ola) səhər yeməyi üçün çay da hazırlayıb, təzə süd və yumurta da qaynadıb və kərə yağı ilə masanın üstünə düzüb.
Həyətə çıxıb eyvanda qollarını geniş açıb dərin bir nəfəslə kəndin tər-təmiz havasını ciyərlərinə çəkirsən və az qala o təmiz havanı ciyərlərindən buraxmaq istəmirsən.
Nə isə.. deyəsən çox daldım duyğulara. Axı sizə Keçili kəndindən danışacaqdım.
Keçili kəndi Şahbuz rayonun böyük kəndlərindən biridir. Qədim tarixi var. Gözəl mənzərəsi və təbiəti isə turistlərin diqqətini çəkir. Kəndin məşhur Çınqıllı bulağı, Üçqardaş dağı, Camal qalası buranı daha da məşhurlaşdırıb. Qaçaq Quşdan isə 1930-cu illərdə bolşevik işğalına qarşı döyüşən dəstənin başçısı olub və öz qəhrəmanlığı ilə xalq arasında o zaman ad çıxarıb. Amma mən kəndin daha çox bugünkü sadə həyatından və insanlarından danışmaq istəyirəm.
..Kənddəki qohumlarımın geniş meyvə bağı var. Ümumiyyətlə Keçilidə yaxşı meyvəçilik ənənəsi olub. Kəndin cəvizləri, alçaları, almaları, armudları, albuxaraları Çınqıllı bulağın suyundan içib o qədər dadlı, ləzzətli olur ki.. Onu yalnız dadan bilər. Elə qonaq olduğum qohumlarım da səhər erkəndən həyətdə alça çırpırdılar. Alçadan yaxşı lavaşa, mürəbbə, kompot alınır. Bundan başqa alçanın qurusu da xüsusi olaraq hazırlanır. Təbii ki, bu da qışda küftə, dolma, bozbaş, əriştə kimi yeməklərin ayrıca dadıdır.
Kənd adamlarının hər şeyə özünəməxsus yanaşmaları var. Bu min illərin o tayından bu günə qədər gəlib çatan səmimiyyət və ənənələrlə bağlıdır. Məsələn, başıma yığışıb tələbəliklə bağlı sual verən uşaqlara universitet həyatından, ali təhsildən, oxumaqdan danışıram. Hiss edirəm ki, onlarla bərabər nənələri də mənə maraqla qulaq asır. Sonda isə özünü saxlaya bilməyib uşaqlara deyir: - Siz də yaxşı oxuyun ki, bax belə tələbə olasınız.
Elə mən də məktəbdə oxuyan uşaqlarla maraqlanıram. Deyirlər ki, 500 dən çox bal yığanlar var. Axşam naxırla qayıdan inəklərini həyətə gətirmək üçün yola çıxan qızı bu gün əlində kitab-dəftər görəndə sevindim. Düşünürəm ki, son vaxtlar yaradılan infrastruktur, yeni məktəblər kənd uşaqlarına müsbət təsir edib. Ona görə də ən ucqar kəndlərimizdə belə savadlı, zəhmətkeş bir gələcək böyüyür.
Bu kənddə diqqətimi çəkən adamların bir-birini çağırma,səsləmə yöntəmləridir. Buranın coğrafiyası elədir ki, da kəndin bu yamacından ucadan nə isə deyəndə o biri tərəfdəki adam asanlıqla eşidir. Bu da bir növ rabitə üsuludur və bu rabitədə heç bir şikayət, giley-güzar və qeybət olmadığı üçün də söhbət tam sərbəst olur. Yəni kiminsə onu eşitməsindən heç kəs çəkinmir. Bir sözlə əsl qədim kənd demokratiyasını burada hiss edirsən.
Kəndin gündəlik həyatında hər şey yazılmayan nizamla idarə olunur. Burada sosiallaşma hər yerdə var. Kəndin gənc qızları gözaltı elədikləri oğlanı görmək üçün təbii ki, kafeyə ya da parka getmirlər. Onların görüş yerlərinə dönür çox zaman elə mal-qaranın qarşısına gəldikləri "Yarqan başı" dedikləri məkan. Nə gözəl mühitdir elə deyilmi?
Hə, bir də mən burada kənd toyunda oldum. Çox gözəl və maraqlı idi. Bilirsiz, şəhərdə çağırılan toylara getməkdə ərinərkən, burada çağırılmayan toylara belə məmnuniyyətlə gedirlər. Onu öyrəndim ki, hətta axşamlar qonşu kəndlərin cavanları belə bu toylara gəlib iştirak edirlər. Bir şey yaxşıdır ki, hələ də bu kəndlərdə keçmiş ənənələr inmakn daxilində qorunub saxlanır.
P.S. Əvvəldə elektronlaşmış həyatın təbiiliyi dedimsə bu mühitə, bu o demək deyil ki, burada internet yoxdur. Xeyr, hər evdə vay-fay da var, internetdə. Kəndin insanları sosial şəbəkələrdə də fəaldır. Bir sözlə müasirliyin təbii təzahürüdür kəndimiz. Sabah evə yollanacam. Amma bu görüş heçdə son görüş deyil, kəndimiz, gözəl kəndimiz.
Qızbəsti Sultan
tələbə-jurnalist