Sürücü hansı hallarda piyadaya yol verməlidir?

A- A A+

Son illərdə nail olunmuş ictimai-siyasi sabitlik və əmin-amanlıq muxtar respublikamızda yüksək uğurların qazanılmasına, insanların həyat şəraitinin xeyli yaxşılaşmasına səbəb olub. Həyata keçirilən tədbirlər nəticəsində yol infrastrukturu da müasir tələblər səviyyəsində qurulub, paytaxt şəhərimiz Naxçıvandan muxtar respublikamızın bütün rayon mərkəzlərinə, kənd yaşayış məntəqələrinə müasir tələblərə cavab verən yollar çəkilib. Bu tədbirlər avtomobillərin, sərnişin və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Muxtar respublikamızda şəxsi avtomobillərin sayının gündən-günə artması avtomobil yollarında hərəkətin təhlükəsizliyinə ciddi əməl olunmasını daha da zəruri edib. Bu məsələdə avtomobil sürücüləri ilə yanaşı, piyadaların da üzərinə mühüm vəzifələr düşür. Aidiyyəti qurumlar tərəfindən yollarda müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, bu qaydaları bilmək vacibdir. Yol hərəkəti qaydalarına əməl etmək isə hər kəsin vətəndaşlıq borcudur.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsində piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib. Daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətini və hərəkət istiqamətini dəyişdirməmək şərti ilə hərəkətinə davam edə bilər.

Düzdür, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır. Ancaq piyada zolağa yeni ayaq basıbsa, sürücü isə ikinci zolaqla hərəkət edirsə, o dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərti ilə yolu ilə hərəkət edə bilər.

Sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir. Əgər sürücü piyadanın yaxınlıqda olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə olduğunu görürsə, sürücü dayanıb piyadaya yol verməlidir.

İnzibati Xətalar Məcəlləsində piyadaya yol verməklə bağlı qanunvericiliyə edilmiş dəyişikliyin qeyd bölməsində deyilir: “Əgər nəqliyyat vasitəsi piyadanın hərəkət surətini və istiqamətini dəyişməyə məcbur edirsə, bu zaman qanunu pozmuş olur. Tutaq ki, sürücü 3 zolaqlı yolla hərəkət edir və piyada keçidinə çatmasına az qalıb və bu zaman piyada keçidinə piyada ayağını qoyur. Sürücü həmin vəziyyətdə qəfil əyləci basmaqla qəzaya səbəb ola bilər. Belə vəziyyətdə hərəkətdə olan avtomobil piyadanın hərəkət surətinə, istiqamətinin dəyişməsinə təsir edə bilməz”. Deməli, bu, qayda pozuntusu deyil.

Əgər piyada yolu qaça-qaça keçirsə, yenə də qayda pozuntusu piyada tərəfindən edilir. Çünki qanunda da qeyd edilib ki, qaçaraq yol keçmək olmaz. Piyada yola daxil olur və sürücü də keçmək üçün ona yol verir. Sürücülər də bəzən bu qaydaları bilmirlər. Yollarda qəzalara səbəb olmamaq üçün sürücülər piyadaların hərəkəti ilə öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar. Sürücü düşünməlidir ki, mən indi keçsəm, piyadaya mane oluram, yoxsa yox?! Piyadalar da ehtiyatla hərəkət etməlidirlər ki, qəza vəziyyəti yaratmasınlar.

Rəşadət Əliyev

 Naxçıvan Şəhər Polis İdarəsinin

Dövlət Yol Polisi Bölməsinin rəisi,

polis mayoru

                                                                             “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: