Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərurda da yerli iqlim şəraitinə uyğunlaşmış məhsuldar taxıl sortlarına, şırım üsulu ilə əkinlərə üstünlük verildiyindən, sahələrə aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən, zərərvericilərə qarşı vaxtaşırı mübarizə tədbirləri aparıldığından zəmilərdə bol və sağlam məhsul hasilə gətirilib.
Məhsulun vaxtında və itkisiz yığılması məqsədilə əvvəlcədən genişmiqyaslı hazırlıq işləri görüldüyü, kombaynlar və digər texniki vasitələr vaxtında təmir edilib saz vəziyyətə gətirildiyi, texnikanın iş prosesində daha tez sıradan çıxan hissələrinin ehtiyatı yaradıldığından biçin vaxtında və itkisiz başa çatıb.
Bu mövsümdə 4 min 127 hektar sahədə biçin aparılıb, hektarın orta məhsuldarlığı 33,8 sentner olmaqla 13 min 947 ton arpa və buğda yığılıb.
Ancaq bu, əkinçiləri arxayınlaşdırmır. Əksinə, fermerlər və fərdi torpaq mülkiyyətçiləri payız əkini kampaniyasına daha mütəşəkkil başlamaqla, gələn ilin bol məhsulunun bünövrəsini indidən qoymağa çalışırlar. Hazırda biçilmiş sahələr küləş və digər ot qalıqlarından təmizlənir, əkinqabağı vacib olan digər aqrotexniki tədbirlər həyata keçirilir, yay şumuna hazırlıq görülür.
Bölgədəki müasir tipli un dəyirmanları mövsümün təzə məhsulu ilə işləyir, gün ərzində on tonlarla buğda üyüdülür, sexlərdə, həyətlərdəki təndirlərdə bişirilən isti çörəyin xoş ətri hər tərəfi bürüyür.
Şərurda toxumçuluq üzrə ixtisaslaşmış torpaq mülkiyyətçiləri vardır. Taxılçılarımız bu təsərrüfatlarla əlaqələri gücləndirir, indidən yüksək reproduksiyalı toxum ehtiyatı yaradırlar. Təbii ki, keyfiyyətli toxumdan istifadə etdikdə zəhmət də hədər getmir.
“Şərurun səsi” qəzeti