NUHÇIXAN xəbər verir ki, bazarı ekoloji cəhətdən sağlam meyvə-tərəvəzlə təmin etmək üçün soyuducu anbarların mühüm rolu var. Məhz buna görə də Naxçıvan şəhərində və rayonlarda soyuducu anbarlar yaradılıb. Muxtar respublika əhalisinin ilin bütün fəsillərində meyvə-tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir.
Artıq muxtar respublikada meyvə və tərəvəz məhsullarının soyuducu anbarlara tədarükü aparılır. Məhsul tədarükü bu il 16 soyuducu anbar tərəfindən həyata keçiriləcək. Məhsul tədarükü Naxçıvan şəhərində “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şərur rayonunda 12, Ordubad rayonunda 2, Kəngərli rayonunda isə 1 anbar tərəfindən təmin olunur. Bu il birinci növ kartof məhsulunun alış qiyməti 5 qəpik artırılaraq 45 qəpik müəyyənləşdirilib. Qarışıq kartofun 1 kiloqramının qiyməti 35 qəpiyə, ikinci növ kartofun kiloqramı isə 30 qəpiyə təhvil götürülür. İndiyədək “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarına növləri üzrə 380 ton kartof tədarük olunub. Kartof əsasən Şərur və Babək rayonlarından gətirilir.
Qeyd edək ki, avqustun 20-dən soğan, sentyabr ayından isə alma tədarükünə də başlanılacaq. Soğanın birinci növünün hər kiloqramının qiyməti 35, qarışıq növü 30, ikinci növü isə 25 qəpikdən təhvil götürüləcək. Almanın birinci növünün kiloqramı 80, qarışıq növünün 60, ikinci növünün qiyməti isə 50 qəpikdən tədarük ediləcək.
Əbülfəz Dünyamalıyev