Ərtoğrol Cavid dünyası

A- A A+

Bir sənətkar yaşayırdı Azərbaycanda Ərtoğrol Cavid adında. Qəlbi alov kimi yanan, qələmi dilimizin əzəmətini cilalayan, sinəsində Azərbaycan boyda məmləkətin eşqi alovlanan, şeirləri ilə dünya miqyaslı poeziyasında öz dünyasını yaradan, ecazkar musiqisi ilə qəlbləri, ürəkləri ovsunlayan. Öz dəsti-xətti, öz üslubu ilə yüzlərin, minlərin içindən seçilirdi. Musiqisi ilə Üzeyir bəyi, Bülbülü valeh edən, neçə-neçə sənət adamının ürəyinə yol tapan bu gənc  hamının sevimlisinə çevrilmişdi. Sadə bir ürək döyünərdi sinəsində Ərtoğrolun. Lakin bu ürəyin hökmü ilə yazılan misralar bulaq suyu kimi aydın, notalara düzdüyü musiqi əsərləri bülbül cəh-cəhi kimi avazlı idi. Doğma torpağına, elinə vətəninə ölçüyə gəlməz məftunluqla bağlı olan Ərtoğrol Cavid bütün vücudu ilə Azərbaycanın təbiətinə bağlı idi. Ərtoğrol 10 yaşında ilk qələm təcrübəsini yaradır. Onun hələ bərkiməmiş misralarında insan motivi görünürdü. Ərtoğrol dalğada da, dənizdə də insan taleyinə, insan xasiyyətinə bənzər, oxşar olan nöqtələri tapırdı.

Təbiət əlbisəsi buludardan uçuşan,              

Ucu yüksək dağları, tənələri qaplayan                                                                     

Qar dənələri ərir, qayalardan süzülür                     

Sonra dalğalar yurdu, dənizlərə tökülür

Dalğaların axını coşğun, kinli, əsəbi

Çünki qırıb ayırmış yüzlərcə incə qəlbi.

Ərtoğrol Cavidin yazdığı misralarda, bəstələdiyi mahnılarda  bəstəkar qəlbi döyünür. Həmişə dinləyici üçün təravətli olan Cavid musiqisi dünən də, bu gündə olduğu kimi məhəbbətlə sevilir, dinlənilir, dillər əzbərinə çevrilir.  Yaşından asılı olmayaraq hər bir  Azərbaycan övladı Ərtoğrol Cavid yaradıcılığına üz tutduqda onun yüksək dərəcədə poetik söz demək qüdrətinə heyran qalır, sözün poetik yükünün əlçatmazlığını duyur.

“Göyərçinin naləsi”, “İspan qadınının laylası”, “Duyan olmadı” kimi şeirlərində dərin məna, çılğınlıq sadə bir dillə oxucuya çatdırılır. Həyat həqiqətini poetik şüur süzgəcindən keçirib yazıya köçürən Ərtoğrol Cavid oxucuya üz tutur onu düşünməyə çağırır.

Buludlar qarışmış parlayan aya,                               

Bayqınlıq çökmüşdü güllü tarlaya.

Dərdimi söylərkən inləyən çaya,

Yazıq! Fəryadıma uyan olmadı.

  

Suda gülümsərkən ayın şöləsi                       

Aldı üstünü bir bulud kölgəsi.

Dinləmək istərkən inləyən səsi,                                                                

Külək qopdu buna imkan olmadı.

 

Çırpınıb titrəyib tülə büründü,

Buludlar da həzin-həzin süründü.

Süzgün üfüqlərdə bayıldı, söndü,

Bu xoş mənzərəni duyan olmadı.

Ərtoğrol Cavidin  vətənin, dünyanın taleyi ilə bağlı nigarançılığı daha çox musiqi əsərlərində aydın duyulur, bu mahnılarda dünyanın ağrı-acısı bəstəkara rahatlıq verməsə də o, gələcəyə ümidlə baxırdı. “Bir sən idin, bir mən idim, birdə yamaclar”(C. Cabbarlının sözlərinə), “Qalx mənim qoç əsgərlərim” (M. Dilbazinin şerinə), “Ey vətən və İntiqam” (Rəsul Rzanın şerinə) bəstələdiyi mahnılar dinləyici qəlbini ovsunlayır, musiqi xadimləri tərəfindən yüksək qiymətləndirildi.  Vətən, torpaq sevgisi böyük sənətkarın ürək ağrısı, can yanğısı idi. Onun İkinci Dünya müharibəsinin ilk illərində tamamladığı  Ana Vətənin oğul, qəhrəmanlarına etiraf etdiyi “Marş” musiqi əsərinin çılğın notlarında, mübariz səslənişində  böyük bir  ümid, bir sarsılmaz inam yaşayırdı. Ərtoğrolun müharibə illərində tamamladığı mahnı çox sonralar, 1981-ci ildə Xalq artisti Xuraman Qasımova tərəfindən oxunur, dinləyici Ərtoğrol Cavid musiqisinə heyran qalırdı.

      Get oğlum, yaxşı yol uğurlar olsun,

      Vətən məhəbbəti sənə yar olsun.

      Dilimdə yurdumun müqəddəs adı,                                                      

      Eşq olsun vətənin cəsur övladı!

Bu mahnı ilə Vətənin ağır günlərində kiçik də olsa borcunu, doğma yurda sədaqətini ifadə etmək istəyib.  Ərtoğrol Cavid həyata, həyat hadisələrinə şerin, musiqinin dili ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan sənətkar olduğunu öz əsərləri ilə bir daha sübut etdi. O, öz dinləyicisinə hər musiqi əsərində yeni söz deyərək özünə maraq yaratmağı bacarırdı. Sovet dövrünün sərt qadağalarına baxmayaraq, milli ruh Ərtoğrol Cavid  musiqisinin əsas qayəsinə  çevrilmişdi.

Ərtoğrol Cavid hisslərini, duyğularını qələmə aldıqca qəlbində bir rahatlıq tapırdı. Bülbül Ərtoğrolun ağıllı söhbətlərinə qulaq asdıqca, yazdıqlarını oxuduqca düşünürdü ki, bəlkə də Ərtoğrol, Cavidin şah əsəridir.                        

Ərtoğrol bir çox xalq mahnısını da nota alır. “Qaşın-gözün sürmədi”, “Uca dağlar”, “Dağlarda çiçək” kimi onlarla bu cür xalq mahnıları  Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Tükəzban İsmayılova və başqaları tərəfindən sevilə-sevilə oxunurdu.                       

Qısa, lakin mənalı 24 illik ömrünün çox hissəsini şeirə, musiqiyə həsr etmiş Ərtoğrol Cavid musiqi və poeziyanın ilkin vəzifəsinin xalqa, vətənə xidmətdə, insana səadət və xoşbəxtlik arzulamaqda görür, ölməz əsərləri ilə xalqın qəlbinə yol tapır. Ərtoğrol poeziyasında musiqisində yaşadığı günlərin səsi eşidilir, doğma Azərbaycan torpağının ətri duyulur, qurub-yaradan insanların arzuları canlanır.

O, həyata pak gəldi, pak da getdi. 1919-cu il 22 oktyabr-1943-cü il 14 noyabr. Bu, Ərtoğrol Cavidə Uca Tanrının bəxş etdiyi 24 illik ömür payıdır. O, ilk böyük əsəri olan fortepiano üçün yazılmış “9 Variasiya” əsərini böyük bəstəkar Üzeyir bəy Hacıbəyliyə ithaf etdi. Skripka fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi”, Nigar Rəfibəylinin “Eşq olsun” və s. şeirlərinə romans və mahnılar bəstələdi. İkinci Dünya müharibəsi başlayarkən “Sərhəddən məktub” simfonik balladasını və marşlar yazdı.

Bu əsərlər isə yüz ilə yaxın bir zamanda insanların qəlbində yaşayır, sənətkarı sevdirir. Bu gün millyonların qəlbinə yol tapmış şair, bəstəkar, rəssam, Ərtoğrol Cavid cismən aramızda olmasa da gözəl vətənpərvərlik duyğuları ilə, ürəkləri titrədən musiqi əsərləri ilə mənən bizimlədmədir.  O evlənmədi, ailə qurmaq nəsib olmadı ona. Amma özündən sonra yadigar qoyduğu bu əsərlər onun övladları kimi əbədi yaşayacaqdır.                                        

Anadan olmasının 100 illik yubileyinin günü-gündən çiçəklənən muxtar dövlətimizdə geniş şəkildə qeyd olunması Ərtoğrol Cavidin timsalında vətən və xalq üçün çalışmış və çalışan insanlara, söz sənətkarlarına verilən ən yüksək qiymətin bariz nümunəsidir.

“Arazın səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: