Adətən nağıllar bu sözlə başlayır. Amma indi ötən günə baxanda görürsən ki, uşaqlığımızın ən gözəl anlarının başlanğıcı idi bu sözlər-"Biri vardı, biri yox". Əslində özümüz də bilmədən bu sözlərlə böyümüşük. Çünki uşaq olanda “varımız” daha çox idi. Üzümüzdə təmənnasız gülüşümüz, qayğısızlığımız, hamı tərəfindən səbrlə qəbul edilən dəcəlliyimiz vardı. “Yox”larımız da yetərincə idi. Gözlərimizin kədərdən dolan nəmi, dərddən yaşaran yaşı yox idi. Olsa da nəyi isə əldə etmək üçün “silah” kimi istifadə etdiyimiz göz yaşımız vardı.
Həyatımızın göy boyda əyləncələri, dostlarla, qonşu uşaqları ilə oynamağımız, dalaşıb-barışmağımız vardı. Amma indiki kimi hazır gəlinciklər, müxtəlif ölkələrin nağıllarının, xalq qəhrəmanlarının oxşarı olan bizim uşaqlara “sırınan” qəribə oyuncaqlarımız yox idi. Onların çoxunu da özümüz düzəldərdik, əlimizdə olanla. Köhnə corab, rəngbərəng parça tikələrindən nələr “yaratmırdıq”. İş burasıdır ki, hamısı da bir-birinə oxşayırdı. Elə lap özümüz kimi.
Ən əsası xoşbəxtliyimiz vardı, nağıllarla bəzədiyimiz, qəhrəmanlarına oxşamaq istədiyimiz və bu arzuları özündə gəzdirən saf ürəyimiz vardı, o ürəkdə heç kimə kin, nifrət yox idi. O zaman dilimizdən heç kəsin xətrinə dəyməyən sözlər yağardı, böyüyəndən sonra nədənsə daha tez alışdığımız, vərdiş etdiyimiz ürəkqıran ibarələr yox idi. Əlimizdən sabahdan-axşamacan buraxmadığımız beşdaş, parçadan gəlinciklərimiz, oğlanların məftildən düzəltdiyi “tapançalar” vardı, indiki kimi üzərimizdə gəzdirdiyimiz, bir-birindən bahalı “S5-lərimiz”, smartfon, planşetlərimiz yox idi.
Hər şeyi bacarırdıq onda- iş, dərs, oyun. Hər şeyə vaxtımız var idi.. İndi isə vaxta qənaət edən bu qədər texnologiya, vasitə olsa da, zamanımız yoxdur. Onda tez-tez rəngli kitablar jurnallar oxumaq arzumuz var idi. Əl-əl, kitabxanalarda axtarırdıq. Bəzilərini isə vərəqləyib, şəkillərinə baxa-baxa dəfələrlə oxumuşduq. İndi yüzlərlə müxtəlif kitablar olsa da onları acgözlüklə oxumağımız yoxdur.
Nə isə.. Böyüdük, elə bil dəyişdi zaman, dəyişdi hər şey. Ətrafımızdakı şəhərlər, kəndlər böyüdükcə, müasirləşdikcə, inkişaf etdikcə uşaqlıq illərindəki xatirələri öz ağuşunda itirib apardı. Sadəcə təsəlli qaldı ki, bir vaxtlar özümüzə məxsus iç dünyamız vardı. Bu dünya indiki ilə müqayisədə kiçik-uşaq dünyası idi. Amma indi, düşündükcə görürsən ki, o dünya, elə uşaq dünyasındakı arzularımız böyüyəndən sonra bizim üçün yol göstərən ən yaxşı bələdçi imiş. Onlar da bizimlə bərabər böyüdü. Böyüyəndə isə “var”la “yox”un arasındakı fərqi və dəyəri hiss etdik. Bu zamanın və ya zəmanənin tələbidir. Amma yenə də bir təsəlli var- əgər kimsə öz içərisindəki balaca uşağı hələ də qoruyub saxlayıbsa O, dünyanın ən böyük uşağıdır.
Qızbəsti Sultan
tələbə-jurnalist