Qədim-yeni Naxçıvanın gözəllikləri insanı valeh edir - FOTOLAR

A- A A+

İnsan həmişə işığa üz tutur, işığa doğru gedir. Dahilər isə təkcə özlərini deyil, həm də milləti, bəşəriyyəti işıqlı gələcəyə aparan şəxsiyyətlərdir. Ulu öndərimiz Heydər Əliyev isə dünya azərbaycanlılarının həyatına doğan Günəşdir. Azərbaycanı qarış-qarış gəzməkdən zövq alan biri kimi növbəti səfərim həmin günəşin doğulduğu yerə – qədim Naxçıvan torpağına oldu!

Vətənin ağrı-acısını, sevincini, kədərini daim qəlbində daşıyan bir insan kimi onun hər qarışını gəzmək, xüsusən zəngin mədəniyyəti, mənəviyyatı, əxlaqi keyfiyyətləri ilə seçilən, füsunkarlığı ilə məni məftun edən Azərbaycanın bu parçasını – Naxçıvanı görmək lap çoxdankı arzum idi. Akademik Yusif Məmmədəliyev nəslinin bir nümayəndəsi olaraq bu doğma torpaqları ziyarət etmək həm də bizim mənəvi borcumuzdur. Ona görə də Naxçıvan təbiətinin ətrini, qoxusunu içimə çəkmək, tarixin canlı şahidləri olan nənələrimizi, babalarımızı dinləmək, keçmişi özündə qoruyub-saxlayan tarixi abidələrini ziyarət etmək və tanrının bizə bəxş etdiyi bu gözəllikləri doya-doya yaşamaq istəyirdim. Qədim tarixə malik olan və bəşər tarixinə Əcəmi Naxçıvani, Bəhruz Kəngərli, Məmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəmşid Naxçıvanski, Yusif Məmmədəliyev kimi sənətkarlar, yazıçılar, alimlər, mütəfəkkirlər və bütün ömrünü Azərbaycanın quruculuğuna, azərbaycançılıq məfkurəsinin formalaşmasına həsr edən və bu yolda canını belə verməyə hazır olan görkəmli siyasətçi, ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edən qədim Naxçıvan torpağını görmək istəyi məni bu torpağa gətirdi.

Budur, artıq Naxçıvandayam. Naxçıvan çox gözəl şəhərdir. Bu şəhərin gözəlliyi, yollarının səliqə-sahmanı, təmizliyi, qədim abidələri insanın ruhunu oxşayır. Bir sözlə, Naxçıvanın gözəlliyindən doymaq olmur. Naxçıvanda tanıdığım bütün insanlar da saf və səmimidir. Şəhərin görkəmi son dərəcə məğrur, təmiz və səliqəli, insanları mehriban və qonaqpərvərdir.

Naxçıvana ayaq qoyduğumuz ilk dəqiqələrdən ancaq Nuh diyarına məxsus olan bir səmimiyyətin və qonaqpərvərliyin şahidi olduq. Harada olduqsa, orada xoş üzlə qarşılandıq, oradan xoş xatirələrlə ayrıldıq. Naxçıvanlıların bu isti münasibəti, qonaqpərvərliyi, deyərdim ki, heç bir bölgəmizdə yoxdur.

Fərəh hissi ilə qeyd etməliyəm ki, Naxçıvan böyük tərəqqi yolundadır. Naxçıvan dinamik şəkildə, sürətlə inkişaf edir. Burada tikilən müasir inzibati və yaşayış binaları, bağçalar, məktəblər insanı valeh edir. Bu inkişafın, tərəqqinin, sözsüz ki, davamı olacaq və Naxçıvan daha da gözəlləşəcək. İstərdim, Azərbaycanın bütün regionları, şəhərləri Naxçıvan kimi gözəl, füsunkar olsun. İnanın ki, Naxçıvanın bugünkü gözəlliyi adamın qəlbini oxşayır. Düzü, bu şəhərin gözəlliyinə, təmizliyinə heyran qaldıq. Sözsüz ki, bütün bu uğurların qazanılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük əməyi və gərgin zəhməti vardır. Çox sevinirəm ki, Naxçıvan ziyalıları, rəhbər vəzifədə çalışan məsul şəxslər, eləcə də sadə zəhmət adamları sıx birləşərək bu cür yüksək uğurlara, böyük nailiyyətlərə nail ola biliblər. Bir el məsəlində deyildiyi kimi: “El bir olsa, dağ oynadar yerindən”. Elə qazanılmış uğurların səbəbi də məhz bu birlikdə, həmrəylikdədir.

Naxçıvanda görülmüş hər bir iş təqdirəlayiqdir, bəyəniləndir... Tam səmimiyyətlə deyirəm, mən Naxçıvanda olduğum müddətdə orada neqativ, xoşagəlməz, pis olan heç nə görmədim. Əksinə, hər addımda fərəhləndim, sevindim, qürur duydum. Naxçıvan şəhəri böyük bir tikinti meydançasını xatırladır. Hər tərəfdə tikinti, abadlıq işləri gedir. Yaxşı cəhət odur ki, şəhərdə tikinti işləri aparılarkən, landşaft üsulundan istifadə etməklə ağaclar qorunur. Naxçıvanın bir yaşıllıqlar diyarına çevrilməsi, bu mənada, məni sevindirdi. Digər bölgələrdə hələ son illərdə başlanılan yaşıllaşdırma işləri Naxçıvanda iyirmi beş ildən çoxdur ki, ən yüksək səviyyədə, müntəzəm olaraq aparılır. Hər yan gül-çiçək, hər yan yaşıllıqdır. Bütün bu addımlar, həqiqətən də, Naxçıvanın ekologiyasına müsbət təsir göstərib. İnsan təmiz havanın nə olduğunu burada daha yaxşı hiss edir.

Düzü, vaxt azlığı səbəbindən Naxçıvanı tam olaraq gəzə bilmədik... Deyilənə görə, Naxçıvan-Sədərək, Naxçıvan-Ordubad, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının hər iki tərəfi başdan-başa yaşıllıqlara bürünüb. Ancaq dostlarımla qədim inancları, möcüzəvi sirləri özündə yaşadan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmək imkanımız oldu. Ziyarətgahda aparılmış təmir-bərpa işləri öz yerində, məni ən çox yol boyu əkilmiş ağaclar, salınmış yaşıllıqlar heyrətləndirdi. Bir o qədər də əkinə yararlı olmadığını düşündüyüm bu “Dağyunus torpağı”nda, həqiqətən də, bir cənnət yaradıldığının şahidi oldum.

Yol boyu ucalan iydə, tut ağacları sabah daha da böyüyəcək, bu müqəddəs ziyarətgaha aparan yolun üstündə baş-başa verib bir yaşıl tunel əmələ gətirəcək... Bax o zaman bu ağacları əkənlər, hər şənbə günü bu ağaclara öz övladları kimi qulluq edən bütün insanlar və onlara rəhbərlik edənlər hörmətlə, ehtiramla anılacaqlar. Bu mənada, Əshabi-Kəhf ziyarətgahına gedən yolda aparılan yaşıllaşdırma işlərini, ümumiyyətlə, Naxçıvanda aparılan bu iməcilik hərəkatını nəinki Azərbaycana, həmçinin ekoloji problemlərlə üzləşmiş bütün dünyaya nümunə göstərmək olar. Kaş bütün bəşəriyyət hamımızın evi olan bu Yer kürəsini, kainatı xilas etmək üçün naxçıvanlılar qədər səy göstərəydi, çalışaydı...

Naxçıvanda gördüyümüz gözəllikləri yazmaqla bitməz. Bir-bir ziyarət etdiyimiz Yusif Küseyr oğlu türbəsi, Nuh peyğəmbərin məzarüstü türbəsi və digər abidələr bir növ bizə açıq səma altında böyük bir tarix-diyarşünaslıq muzeyini xatırladırdı. Əzəməti ilə şəhərə xüsusi gözəllik verən, Ulu öndərin keşməkeşli ömür yolunu tarixi sənədlər və fotoşəkillərlə əbədiləşdirən Heydər Əliyev Muzeyi, XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuş Xan Sarayı, müxtəlif xalçaların toplandığı Naxçıvan Dövlət Xalça Muzeyi, tarixin müxtəlif dövrlərinə aid nadir eksponatları nümayiş etdirən Açıq Səma Altında Muzey, “Əcəmi seyrəngahı” istirahət kompleksi, arxeoloji qazıntılar zamanı aşkar edilmiş minlərlə maddi mədəniyyət, tətbiqi sənət nümunələri, həmçinin milli geyimlər, bədii tikmə nümunələri və xalça məmulatları, qiymətli metallardan hazırlanmış zinət, məişət əşyaları, rəssamlıq əsərləri nümayiş olunan Naxçıvan Dövlət Tarix Muzeyi, muxtar respublikada yaşayıb-yaradan rəssamlarının rəsm əsərlərinin nümayiş olunduğu Naxçıvan Dövlət Rəsm Qalereyası, şəhərə xüsusi gözəllik verən Heydər Əliyev Sarayı, məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən olan Möminə xatın türbəsi  məndə xoş bir təəssürat yaratdı. Əsrlərin yadigarı olan Möminə xatın türbəsində hiss etdiyim duyğuları isə sözlə ifadə etmək mümkün deyil. Memar Əcəmi “Biz gedərik, ancaq qalır ruzigar!” – deyərək tarixin daş yaddaşı olan Möminə xatın türbəsində öz istedadını bacarıqla nümayiş etdirib. Zamanın sınaqlarına sinə gərən, zamanın özünə belə meydan oxuyan bu türbə neçə-neçə əsrlərin, nəsillərin şahidi kimi bizə də qucaq açdı....

    Naxçıvanda cəmi bir gün oldum. “Min aya dəyən gün”ün xoş duyğuları məni bu xatirələri yazmağa məcbur etdi. Bu səfərin təəssüratı mənim üçün aylara, illərə bərabərdir. Naxçıvanda olarkən bir daha yəqin etdim ki, bu qədim torpağın möcüzələri saysız-hesabsızdır. Bu, mənim Naxçıvana ilk səfərim idi... Ancaq burada gördüklərimdən, duyduqlarımdan sonra təkrar bu torpaqda olmaq istəyi məni indidən bürüyüb...

 

Salam Məmmədəliyev

İctimai Televiziyanın quruluşçu rejissoru

                                                              “Nuh yurdu” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: