Zəngin tarixə malik ölkəmizdə tarixi abidələr, qədim sənət nümunələri yurdumuza qədəm qoyan hər bir əcnəbi vətəndaşı heyrətləndirir. Abidələrimiz xalqımızın qədimliyini, onun milli mənsubiyyətini yaşatmaqla xalqımızın sənət nümunələrini, istedadını dünyaya çatdırır, turizmin inkişafına imkanları artırır.
Azərbaycanın şərqə açılan qapısı Naxçıvan Azərbaycanın “Dədə Qorqud” mərkəzlərindən biridir. “Kitab-i Dədə Qorqud”un izlərini bu gün də özündə saxlayan Naxçıvan qədim və zəngin bir diyardır. Ərazisi müəyyən qədər kiçik olsa da bura tariximizi əks etdirən abidələr toplusudur. Beş min illik ilkin şəhər mədəniyyəti ilə, yeddi min illik duz mədənləri ilə, Böyük İpək yolu üzərində yerləşməsi ilə və Azərbaycanın coğrafi cəhətdən mərkəzində yerləşməsi ilə də sübut edir ki, bu diyar həddindən çox tarixi və mədəni irsimiz olan abidələri özündə saxlayır. Bu abidələrdən “Möminə Xatın”, “Darkənd”, “Yusif Küseyr oğlu” və “Gülüstan” türbələrini, “Əlincəçay Xanəgahı”, “Əlincə qala”, “Came məscidi” kimi sənət əsərlərini qeyd etmək olar.
Bu əsərlər içərisində Gülüstan türbəsinin xüsusi mövqeyi və yeri vardır.
Türbə Araz çayının sol sahilində, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qoruq ərazisində yerləşir. XII əsrə aid olan bu qəbirüstü abidə memarlıq-konstruktiv quruluşuna görə digər türbə tipli abidələrdən fərqlənir. Azərbaycanın qülləvari türbələr sırasına daxil olan abidə iki hissədən-sərdabə və türbədən ibarətdir. Sərdabəsi digər türbələrdən fərqli olaraq yerin üst səthində inşa edilib. Abidənin aşağı hissəsini kürsülük təşkil edir. Xaricdən kəsik piramida, daxildən silindirik quruluşu olan abidənin yuxarı hissəsi 12 üzlü qüllədən ibarətdir. Səthlərini və taxçalarını bəzəyən incə naxışlar daş üzərində oyulub. Sənətkarlığın ən yüksək səviyyəsində işlənmiş abidənin ornamentlərinə yaxından diqqət edildiyində birinin digərindən fərqləndiyi aydın görünür. Bu da abidədə xüsusi görkəm yaradır. Arxeoloji araşdırmalar nəticəsində türbə ətrafında çoxlu sayda keramika nümunələri və tikili qalıqları tapılıb. Şübhəsiz ki, memar abidəni inşa edərkən üzərində kimin şərəfinə tikildiyi haqqında epiqrafik sənəd - daş kitabəsi olub. Ancaq təəssüf ki, təbii qüvvələrin (yağış, qar, isti ,soyuq və s.) təsiri nəticəsində bu kitabə zamanla dağılıb.
Orta əsrlərdə Naxçıvanda səfərdə olmuş türk səyyahı Övliya Çələbinin “Səyahətnamə” əsərində bu abidəyə “Kəsik günbəz” kimi rast gəlirik.
Muxtar Respublikada tarixi və mədəni irsimiz olan abidələrə bu gün dövlət səviyyəsində qayğı göstərilir. Gülüstan türbəsinin bərpası və tədqiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2015-ci ildə Sərəncam imzaladı. Bu isə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, qədim yurdumuzun əvəzsiz incilərindən olan bu abidəyə ikinci həyat bəxş etdi. Gülüstan kəndi yaxınlığında yerləşən, XII əsr Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri olan, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi indi bura qədəm qoyan hər kəsi valeh edir.
Südabə Əliyeva
Gülüstan Tarix-Mədəniyyət Qoruğunun bələdçisi
“Arazın səsi”