Sayılı gün tez bitdi. Cəmi iki həftə, nədir ki... Və artıq bir neçə gündür ki, işimin başına dönmüşəm. Amma tamamilə fərqli əhval-ruhiyyədəyəm. Daha canlı, gülərüzlü və pozitiv hiss edirəm özümü. Bu dəyişikliyi hiss edən iş yoldaşlarım atmacalarından qalmır. “Naxçıvana getmək, havasını udmaq sənə yaman yarayıb”-deyə, zarafat edirlər. Yerdən-göyə qədər haqlıdırlar.
İki həftə əvvəli xatırlayıram. Naxçıvana getdiyim günü.
10 ildən çox idi ki, doğulduğum torpağa getmirdim. “Bu gün-sabah” deyə-deyə ertələdiyim səfərimi nəhayət ki, qəti qərarımla gerçəkləşdirirdim.
Hətta artıq təyyarənin pəncərəsindən Haçadağı görürəm. Yüksəkdən baxmaq aşağıdakıları balaca göstərsə də, Haçadağın görüntüsünə möhtəşəmlik qatırdı.
“Əziz sərnişinlər, təyyarəmiz Naxçıvan hava limanına yaxınlaşır...”
Təhlükəsizlik qaydaları ilə bağlı sözlər və arxasınca Naxçıvanda havanın temperaturunun müsbət 38 dərəcə olduğu anons olunur.
Xanımın səsi mənzərənin sehrini yox edir. Beynimi başqa bir düşüncə zəbt edir.
Təyyarədən endikdən sonra doğulduğum torpağa vəfasızlığımın səbəbini izah etmək üçün sözlər axtarıram.
İşlərimin çox olduğunu əsas gətirərəm. Deyərəm ki, buna görə gəlib sənə baş çəkə bilməmişəm, Vətən.
Eh, bunların hamısı bəhanədir. Yəqin ki, indi küsüb məndən.
Arxadan gələn sərnişinin ayağıma dəyən çantası qarışıq düşüncələrdən xilas edir.
Tələsik qapıları açıb həyətə çıxıram. Hava limanının həyəti o qədər səliqəli və təmizdir ki, ayağımı qoymağa qıymıram.
Sapsarı, qızmar Günəş. İşığı bol, səması aydın torpağım. İsti və quru havanı ciyərlərimə çəkirəm. Necə də xoş gəlir. Ətrafa baxıram. Hava limanının qarşısındakı ərazidə boy-boy düzülmüş ağaclar, güllər. Hər tərəf yaşıla bürünüb.
Vəfasızlıq, küskünlük, xoş olmayan nə varsa-hamısı yadımdan çıxır. Bu torpaq kinli deyil, gülərüzlə, gözəlliklə qarşılayır qonaqlarını. Bir vaxtlar Naxçıvandan Bakıya gedənlər deyərdilər ki, qayıdanda adam elə bil boz bir səhraya düşür. İndi yaşıllıqlar içindəki Naxçıvanda gördüyüm mənzərə tamam əksini deyir.
Sıra ilə düzülmüş taksilərə yaxınlaşırıq. Sürücü öz həmkəndlimiz çıxır. Heyran-heyran ətrafa baxdığımı görüncə maşını şəhərin içindən sürür. Naxçıvanda baş verən dəyişimi mənə göstərmək istəyir. Bir tərəfdən də bələdçilik edir. “Bax bura filan yer idi. Yadındadır yəqin ki, indi görürsən necə dəyişib? Bura “Saat meydanı”dır, yeni açılıb. Bura isə “Şahmat məktəbi” ... Naxçıvan çox dəyişib, çox. Tanımaq olmur”-deyə, sürücü-bələdçim dil-boğaza qoymur.
Bir zamanlar kimsə hansısa Avropa şəhərinin təmizliyi haqqında danışanda təsəvvürümüzdə belə canlandıra bilmədiyimiz o təmizliyi, səliqə-səhmanı Naxçıvanda görürəm.
Naxçıvandan Şərura uzanan yolun izini tutub gedirik. Maşının pəncərəsindən sağa-sola baxmaqdan boynum yorulsa da, gördüyüm gözəlliyin heç birini gözdən qaçırmaq istəmirəm. Anidən Günəş buludun arxasında gizlənir. Beş-altı damcı iri-iri yağış yağır. Buludlar yerini təkrar Günəşə verir. İlahi nemətdir Naxçıvan təbiəti.
Yollara gəlincə onlar elə əvvəldən mənim dostum olub. Buna görə tələbə vaxtı ilk ciddi yazımı düşüncə ortağım olan bu yollardan yazmışdım. Həmin vaxt Şərurdan Naxçıvana gələn bu yolların kənarları susuz, sapsarı olardı. Yolların lap yaxınlığında qara müşəmbə torbaların qalaqlandığı zibilliklər vardı. Elə bu problemi dilə gətirmişdim. Amma deyəsən indi Naxçıvanda həmin torbalardan heç əsər-əlamət də qalmayıb. Yolların qırağı gül kimi təmizdir. Yaşıl ağaclar sıra ilə düzülüb. Rəngləri də yaşılın ən sevdiyim tonunda. Təmiz olduğundan elə parlaq görünürlər ki... Yollardan bir az aralı boş torpaqlarda isə camaat əkin əkib. “Əvvəllər olan su problemi həllini tapıb. İstənilən vaxt sahəni sulamaq mümkündür”-deyir sürücü. Marağıma səbəb olur sürücünün bu qədər mehriban və məlumatlı olması. Zarafatla, həmkəndlimiz olduğu üçün bu informasiyanı verdiyini soruşuram. Xeyir,-deyir, indi Naxçıvanda taksi sürücüləri gələn turistlərlə ilk münasibət quran və xidmət nümunəsi göstərən adamlar olduğu üçün onlarla da maarifləndirici iş aparılır. Mütəmadi olaraq muzeylərə ekskursiyaları təşkil edilir. Birdən əcnəbi turist muxtar respublika ilə, onun tarixi abidələri ilə bağlı hər hansı sual verə, maraqlana bilər. Ona düzgün və ətraflı cavab verilməsə, bir də bura gəlməz axı. Sıravi bir sürücünün məntiqi məni sadəcə valeh edir. İnsanlar nə qədər vətənpərvərdirlər. Yenidən pəncərədən çölə baxıram.
Buralar lap cənnətə çevrilib ki...
Uşaq kimi sevinirəm. Bununla yanaşı, doğulduğum torpağın bu qədər gözəlləşməsindən qürur hissi keçirirəm. Naxçıvanın çox çətinliklərdən keçdiyi, soyuq və qarlı havalarda torpağının insanları ilə bərabər üşüdüyü illəri xatırlayıram. O zaman əhali yolların kənarında olan bütün ağacları kəsib yaş-yaş yandırırdı. Məcburiyyətdən... İndi o ağacların yerində yüzü də artıq əkilib. Gözlərimi qapayıb yurdumun xəstələrə şəfa olan təmiz havasından ciyərlərimə çəkirəm. Yaxşı ki, sənin qucağında dünyaya göz açmışam, gözəl Naxçıvanım. Xoş düşüncəmin istiliyi ruhumu bürüyür.
Hiss edirəm ki, mənə də hamı kimi, xoş gəldin, deyirsən, Vətən. Çünki sən övladlarının gəlişinə çox sevinirsən...
Aygün İbrahimli