Nə yolun əvvəli bəlli idi, nə sonrası. Oturub düşünməyə isə zərrə qədər nə vaxt vardı, nə də səbr.. Susduğum qədər danışırdım əslində. Eşidən yalnızca Rəbbimiydi ruhumun harayını.. Rənglərin ahəngdarlığını qoruya bilməmişdi dualarım. Günəşdən qorxan insanı ya ağac qoruyar, ya bulaq... Nə bulağım varıydı, nə ağacım. Onsuz da gözümün önündə elə bulaq da, ağac da günəşdən daldalanmağa qaya axtarırdı..
Yeriyəndə torpaq ayağınızı qucaqlayacaq deyə bir hissə qapılmışlığınız varsa əyilib torpağı öpün, bütün qapılar sonuna qədər açılacaq üzünüzə ..
Üstümü başımı dəyişdim insanlardan... Hərəsini çıxarıb öz yerinə asdım. Yeni insanlar geyinmək üçün cığırımdan, yağışımdan, günəşimdən, qarımdan və küləyimdən, bir də uşaqlığımdan halalıq aldım. Ruhumda Tanrı, qəlbimdə sevgi, dilimdə dua.. yolumsa uzaqlara, laap uzaqlara..
Daş olduğu yerdə ağır deyil əslində, çoxalmaqdan qorxaqlaşanda daş torpağın bağrını yaralayır, torpaq da daşı əbədilik daşlaşdırır... Qaralır daşın ruhunun rəngi, solur günəşi, çat - çat olur soyuq qaranlığı... Daşlaşır daşın ürəyi.
Götürün daşınızı atın özünüzdən uzağa.. Sevgiylə, sevinclə qarşılanan torpaqda daşlaşın.. Həm ürkək, həm çılğın, həm utancaq bir daş parçasının yolu hamar da olur, kələ-kötür də...
Çatdım... Duamın ruhumda doğulduğu, özümün özümdən oyandığı yerə...
Əfruz Seyidova