Ordubad Naxçıvan Muxtar Respublikası ərazisində tarixi abidələrilə ən zəngin bir bölgəsidir. Şəhər ərazisində bir sıra abidələr-Qeysəriyyə binası, Cümə məscidi, məhəllə məscidləri, buzxana, hamam binası, görkəmli yazıçı və alimlərin yaşamış olduqları yaşayış evləri əsaslı şəkildə bərpa edilərək Ordubad sakinlərinin və buraya gələn turistlərin istifadəsinə verilib.
Ordubad şəhəri özünün qədim məhəllələri ilə də tanınır. Əvvəllər hər məhəllənin özünün ibadət ocağı olub. Bu tarixi ənənə qədim Ordubadda məhəllə məscidlərinin indi də qalması ilə davam edir. Belə ki, şəhərin bəzi məhəllələrində məscidlər indi də qalmaqdadır. Belə məscidlərdən biri də Ambaras məscididir. Məscid XVII əsrdə dağın üstündə Türk sultanının adına tikilib. Tarixçilər bu məscidin əslində XVI əsrə aid olduğunu iddia edirlər. Məscid çinar ağacının nəhəng budağının sınması nəticəsində uçub dağılıb və Ordubad elmi bərpa işləri kollektivinin səyi nəticəsində yenidən bərpa olunub. Abidə "Mir Cəfər” və “Sultan Murad” adları ilə də tanınır. Bu məscidin Sultan Muradın adına tikilməsi və Mir Cəfər ağa tərəfindən bərpa edilməsi ilə əlaqədardır.
Namazgahlar
Ordubad şəhərində məhəllələrdə məscidlərlə yanaşı küçə və dalanlarda 50-dən çox kiçik ölçülü, bir otaqdan ibarət namazgahlar da inşa edilib. Bu həm yerli əhali, həm də qonaqlar üçün nəzərdə tutulub. Hazırda yerli əhali bu namazgahlardan gündəlik namaz qılmaq üçün istifadə edir.
Ordubad mədrəsəsi
Ordubadın qədim dini obyektləri arasında mədrəsəsinin də yeri xüsusi var. Bir zaman ali dini təhsil vermiş bu məktəb dövrünün ən maraqlı dini binalarından sayılmaqla, eyni zamanda Azərbaycanda zəmanəmizə gəlib çatmış olan yeganə mədrəsə binasıdır. Vaxtilə Mədrəsə binası Cümə məscidi ilə vahid kompleksdə tikilib, XIX əsrdə mədrəsə binası ilə Cümə məscidinin həyətyanı ərazisində iki mərtəbəli yaşayış binası inşa edilib, qarşı tərəfindən Sərşəhər meydanına açılan yol çəkilib.
Mədrəsə düzbucaqlı planda olub, otaqları mərkəzdə yerləşdirilən qapalı həyətyanı sahəyə açılır. Mədrəsənin həyətyanı sahəsinə binanın baş şimal fasadı tərəfindən yeganə giriş yolu qoyulub. Mədrəsə binası fasadda sadə formalı baştağdan və divar boyu qurulmuş bəsit çıxıntılarla kürələrə ayrılıb, çatmatağlı taxçaların aramlı cərgəsindən ibarətdir. Burada başlıca kompozisiya vasitəsi nisbətən kiçik tağlı taxçaları iri portalla təzadlı surətdə qarşılaşdırmaqdan ibarət olub. Bu dövrün memarlığı üçün ən səciyyəvi cəhətlər mədrəsənin ikimərtəbəli hissəsində müşahidə edilir. Yaşayış binaları qarşısında çatma eyvan yerləşdirilməsi üsulu bu halda ikiyaruslu qalereya təşkil edir.
Mədrəsənin giriş baştağı üzərində qalmış hicri 1126-cı il (1714) tarixli kitabəsi mədrəsənin təmir və yenidən qurulmasına aid edilir. Planlama və fasad hissələrinin qurulmasında tətbiq olunmuş memarlıq kompozisiyası üsullarına görə bina XVII əsr tikililərinə yaxındır.
Ordubad hamamı
Ordubad hamamı XIX əsrdə inşa olunub. Hazırda şəhərin Təbriz küçəsində yerləşir. Təbriz küçəsi sonda Sərşəhər meydanına açılır. Şərq üslubunda tikilmiş hamamın ümumu sahəsi 483 kvadratmetrdir. Hamamın divarlarının qalınlığı 1 metr olmaqla bişmiş kərpicdən inşa edilib.
Hamam girişdə soyunma zalına açılan vestibüldən, çayxanadan, səkkizbucaqlı soyunma, düzbucaqlı yuyunma zallarından, yuyunma zalına açılan otaqlardan, xəzinədən və xəstələrin yuyunması üçün otaqlardan ibarətdir.
Buzxana
Məşhur Ordubad Buzxanası vaxtilə Bazar meydanının ərazisində XIV əsrdə inşa edilib. Heydər Əliyev prospektində yerləşir. Abidə düzbucaqlı formada olub, bişmiş kərpiclə inşa edilib. Girişdə kiçik otaqdan ibarət olan buzxana binasının kamerasına ensiz dar pıllələrlə daxil olmaq olur. Buzxananın kamerası yerin altında 6-8 metr dərinlikdə yerləşdirilib, tavanı çatmatağ formasında bişmiş kərpiclə işlənilib. Buzxana qış aylarında tikilinin yanından keçən kəhrizin suyu ilə doldurularaq dondurulurdu, buzun əriməməsi üçün aralarına saman səpilməklə yay aylarına qədər saxlanılırdı. Yay aylarında buz kəsilərək şəhər sakinlərinə satılırdı.
Qeysəriyyə
Bu bina şahlara məxsus daş-qaş, cəvahirat satılan üstüörtülü Şərq bazarıdır. Belə tikililərə dünyanın üç yerində rast gəlmək olar: Səmərqənd, Təbriz və Ordubadda. Bina XVII əsrdə inşa edilib, sonralar bir müddət ipək fabriki, restoran və Zorxana kimi fəaliyyət göstərib. Abidənin ümumi sahəsi 650 kvadratmetrdir. Bina bişmiş kərpiclə inşa edilib. Abidə mərkəzi salondan və ona bitişik satış sahələrinə bölünür. Tavanlar dairəvi gümbəzlərlə qapanır. Qeysəriyyə binası 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin göstərişi ilə əsaslı təmirdən sonra muzey kimi fəaliyyətini davam etdirir.
Çeşmə – kəhrizlər
Ordubad şəhərinin şəhərsalma strukturunun formalaşmasında inkişaf etmiş su təchizatı sistemi böyük rol oynayıb. O bağların suvarılmasını təmin edir. İqtisadiyyatın əsasını və məhəllələrin tikilişinin xarakterini təyin edirdi. Orta əsrlərdə Ordubad şəhərində 102-dən çox kəhriz olduğu halda, hazırda şəhər ərazisində onların 35-i qalıb. Həmin çeşmə-kəhrizlər bir neçə il bundan qabaq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə əsaslı surətdə təmir-bərpa edilib.
Qeyd edək ki, Ordubadın arxlar sistemi yer səthindən onlarla metr dərinlikdə yerləşir. Kəhrizlərdə hər 10-15 metrdən bir kiçik tavalarla örtülmüş lüklər düzəldilib. Arxlar sistemi, həmçinin çoxsaylı bulaq-çeşmələr əsasən mərkəzi məhəllədə cəmlənib. Məlum olduğu kimi Ordubadın bütün yaşayış məhəllələri məhəllə mərkəzinin ətrafında təşkil olunub. Məhəllə mərkəzi yaxınlıqda yaşayanlara xidmət edən bulaq-çeşmədən, məscid yerləşən kiçik meydandan və hündür çinardan ibarət idi. Küçələrin istiqaməti kəhrizlərin axar suyu ilə təmin olunan bağların yerləşməsi ilə təyin olunurdu. Ümumiyyətlə Ordubadda elə şəhərsalma sxemi yaradılmışdı ki, əsas küçələr relyefin yüksəlməsinə uyğun olaraq şəhərin mərkəzi rayonundan radial istiqamətdə ayrılırdı.
Hazırda Ordubad şəhər sakinlərinin içməli suya olan tələbatının bir qismini kəhriz suları təmin edir. Kəhriz suları yerin altında qurulmuş tunellərin daxilindən axaraq həyətlərdə inşa edilən kürələrdə üzə çıxarılıb. Bu kürələr əhali tərəfindən “qırxpillələr” də adlandırılır. Bunlara misal olaraq “Şərşəhər”, “Mədrəsə”, “Peci”, “Töyənək”, “Bilal”, “Hacı Tağı”, “Ambaras”, “Cəyənni göl”, “Hüseyn bəy”, “Qızlar”, “Hamam”, “Qırxayaq”, “Şai”, “Şıxəli xan”, “Meyrəmçə”, “Hacı Fəttah”, “Nəhər” və s. kəhrizlərini göstərmək olar. Ordubad şəhəri ərazisində yerləşən kəhrizlər həyətlərdən keçərək küçələrin keçdiyi ərazilərdə yer səthinə çıxarılıb. Hazırda Ordubad şəhərində və bölgələrində kəhriz suyundan içməli su kimi, həmçinin həyətlərin, bağların suvarılmasında da geniş istifadə olunur. Həyətlərdə qurulmuş kürələrin əksəriyyəti bir tarixi memarlıq abidəsi kimi qorunaraq saxlanılır.
Əfruz Məmmədova
“El həyatı” qəzeti