Qədim Şərqdə şəhər və kəndlərin salınması və inkişafında ən başlıca məsələlərdən biri su ilə təchizat problemi olub. Ona görə də ulu babalarımız dağların qoynundan buz bulaqlardan gizlin, həm də münasib yollarla şəhər və kəndlərimizə su kəməri çəkiblər.
Dağların qoynundan cığır salan, düzənliyə baş alıb gələn yeraltı su xətləri, kəhrizlər şəhər və kəndlərə çeşmələrin göz yaşını gətirib, əhalini sərin içməli su ilə təmin edib. Böyük zəhmətin və alın tərinin məhsulu olan kəhrizlər əsasən yerli ustalar tərəfindən inşa edilib, su kəmərlərinin mənbəyi çoxlarından gizlin saxlanıb. Kəhrizlərin suyu uzun məsafədən gətirilsə də, öz dad-tamını və sərinliyini saxlaya bilir.
Ulularımız “Su dirilikdir, aydınlıqdır, min arzu, diləkdir” deyiblər. Qədim zamanlardan ölkəmizin bir çox bölgələrində, o cümlədən Naxçıvan torpağında əkin sahələrini suvarmaq, əhalinin içməli suya olan tələbatını ödəmək üçün kəhrizlər salınıb. Kankanların səyi və ağır zəhməti nəticəsində yeraltı tunellər vasitəsilə yaşayış məskənlərinə gətirilən bu sular yaşıllığın, məskunlaşmanın təməli sayılır.
Kəhrizlərin bir çoxu haqqında xalqın hafizəsində maraqlı əfsanələr yaşayır.
Culfa rayonunun bir çox kəndlərinin ərazisində, demək olar ki, hər yerindən çaylar çağlayır, çeşmələr göz-göz olub qaynayır, hər yana həyat verir, gözəllik bəxş edir.
Rayonun kəndləri olan Yaycıda Məşədi Oruc və Xan kəhrizi, Dizədə Qarand və Sarı zəmi, Camaldında Baş kəhriz, Qızılca dərəsi, Pirmaşa, Xanəgahda Yuxarı Əlincə, Şeyx Xorasan, Əlincəqala kəhrizi, Bənəniyarda Kötücə, Pirəli, Nahaq, Haçaparaq kəhrizləri, Şurudda Şah Abbas gölü, Qarağac, Yarpaqlı kəhrizləri, Galda İlanlı, Pir baba, Daş bulaq, Anabat, Sələsüz kəhrizləri, Xoşkeşində Məscid yeri, Məmməd düzü kəhrizləri, Əbrəqunusda Yuxarı Əkbər, Aşağı Xanış kəhrizləri, Gülüstan kəndində Gülüstan kəhrizi, Kırnada Yuxarı kəhriz kimi qədim su qurğularımız mövcuddur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində 2004-cü ildə yaradılmış Kəhrizlər İdarəsi qədim bölgəmizdə mövcud olan kəhrizlərin təmir-bərpa işini yerinə yetirir. Həmçinin muxtar respublikamızda kankanlıq ənənələri də dirçəlib. Bunun nəticəsində rayonumuzun bir çox kəndlərində (Gal, Şurud, Göydərə, Xoşkeşin, Dizə və s.) kəhrizlər bərpa olunub. Yerli kankanların səyi ilə bir çox kəhrizlərin abukar və kirələri lildən, çöküntüdən təmizlənib, quyuların ağzı hörülərək bərkidilib.
Kəhrizlər ulu babalarımızın bizə yadigarı, böyük əmanətidir. Bu əmanətləri qorumaq isə bizim hər birimizin mənəvi borcudur. Su həyatdır. Kəhrizlər isə bu həyatın mənbəyidir. Həyat mənbəyini qorumaq üçün hər birimiz məsuliyyət daşıyırıq.
Ədalət Cəfəroğlu
“Arazın səsi” qəzeti