“Orucun 15-i” mərasimi haqqında

A- A A+

Dini, mənəvi dəyərlər içərisində ən geniş yayılan və diqqəti cəlb edən dini ayinlərdən biri də oruc tutmaqdır. Ramazan orucu hicrətin ikinci ili, şaban ayının 10-da vacib buyurulmuşdur. Belə ki, 624-cü ildən etibarən oruc tutulmağa başlanılmışdır. O vaxta qədər isə müsəlmanlar bəzi dinlərin nümayəndələri kimi hər ay üç gün oruc tuturdular. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.v) həyatında 9 Ramazan orucu tutmuşdur.

Orucluq İslamın təməl şərtlərindən olub hər bir müsəlmana fərz qılınmışdır. Allah-Taala buyurub: “Oruc mənə görədir, mən özüm onun mükafatını verəcəyəm”. Məhəmməd Peyğəmbər (s) buyurub: “Oruc insanı cəhənnəm odundan qoruyan qalxandır”, “Orucluq dözüm ayıdır, dözümün, səbrin mükafatı isə cənnətdir”, “Oruc tutun, sağlam olun”. Orucun İslam aləmində qəti qərarlaşmış bir məzmunu vardır. Oruc tutmaq müəyyən olunmuş vaxt kəsiyində özünü dünya nemətlərindən uzaqlaşdırmaqla bərabər, ilk növbədə, Allaha ibadət etməkdir. Çünki orucluq zamanı görülən işlər Allah yolunda görülən savablardandır. İslam dünyasında o ən pak, saf və təmiz ay hesab olunur.

Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri sırasında İslam dini ilə əlaqədar müxtəlif adətlərin də özünəməxsus yeri vardır. Ordubad bölgəsinin bəzi kəndlərində və əsasən, Ordubad şəhərinin özündə qeyd edilən belə mərasimlərdən biri də “Orucun 15-i” mərasimidir. Orucluq 15 gün keçəndə yarı olur. Mərasimin keçirilməsi də bununla əlaqələndirilir. Yəni artıq bu ayı yarı etdik. Mərasim zamanı uşaqlar bir yerə yığışıb qapı-qapı gəzib pay yığardılar. Pay yığılan zaman bu sözlər uşaqlar tərəfindən oxunardı:

Orucun 15-dir gəldik sizə, Orucun niyazını verin bizə, Xanım, ayağa dursana, Boşqabı doldursana,

Oğlun qızın var olsun, Doğduğun oğlan olsun, Son beşiyin qız olsun, Açılsın sünbül olsun.

Sonra uşaqların biri “Rəbbi Cəlil boşqabı doldurub gəlir”, – söyləyə, qalan uşaqların hamısı xor ilə “konfet gəlir, ərik qurusu gəlir, alana gəlir”, – deyərdilər. Bir sözlə, ürəkləri nə istəyərdisə, onun adını çəkərdilər. Kimsə pay verməsə, onlara tərəf üz tutub birgə deyərdilər:

Pay verənin oğlu olsun, Vermiyənin qızı olsun.

Tanınmamaq üçün uşaqlar üzlərini gizlədər və ya bəzəyərdilər. Sonda uşaqlardan biri yığılmış payı hər kəs arasında bərabər şəkildə bölərdi. Onu da qeyd edək ki, bu mərasimə bir neçə gün qalmış hər evdə hazırlıq görərdilər. Həmin gün axşam iftarını zəngin süfrə ilə açar, sonra nişanlı qız evinin valideynləri bəyi görmək üçün oğlan evinə gələrdilər. Ailənin üzvlərinə, xüsusilə bəyə müəyyən hədiyyələr gətirərdilər. Bundan əlavə, orucun 15-nə qədər heç kimi iftar süfrəsinə dəvət etməzdilər. Bir daha vurğulayaq ki, bu mərasim ancaq Ordubad şəhərinə və ətrafdakı bir neçə kəndə aiddir. Kəngərli rayonunun Xok kəndindən toplanmış materiallara görə isə bu kənddə orucun çıxmasına 3 gün qalmış məhəlli xarakterli bir mərasim keçirərdilər. Günortaya kimi evlərdə buğda qovurar, qız-gəlinlər təzə paltarlar geyinər, oğlan uşaqları xoruz döyüşdürər, əyləncəli işlərlə məşğul olardılar. Mərasim günortadan sonra başa çatardı. Bu şənlik İbn Mülcəmin (Həzrəti Əlini öldürən şəxs) ölümü ilə əlaqədar keçirilərdi. Qeyd edək ki, Ramazan bayramı Azərbaycan Respublikasında 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu, digər adət-ənənələrimiz kimi dini dəyərlərimizin qorunub yaşadılmasına dövlət qayğısının bariz ifadəsidir.

Asəf ORUCOV tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: