Elm cəngavərlərinin sığınacağı - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi

A- A A+

Elm tarixi, həm təbii həm də ictimai elmlər də daxil olmaqla elmi məlumat və elmin inkişafının araşdırılmasıdır. Elm, gerçək dünyadakı hadisələrin müşahidə edilməsi, açıqlanması və uzaqgörənliyini vurğulayan, elm adamları tərəfindən edilən, təbii dünya haqqındakı təcrübi, nəzəri və praktik məlumatların bir bütünüdür.

Müasir elm, müasir çağın erkən dövründə, xüsusilə elmi inqilab dövrünə uyğun gələn XVI və XVII əsr Avropasında inkişafa başladı. Ancaq dünya elminə Şərq hər zaman öz möhürünü vurmağı bacarıb. Bu yaxınlarda postmodernizmlə bağlı apardığım arşdırmalarda bir daha gördüm ki, Qərb nə qədər çalışırsa da Şərqin bir çox sahədə, xüsusilə elmi kəşflər və bir çox elmi istiqamətlərə dair nəzəriyyələrin yaradıcısı olduğunu inkar edə bilmir. Umberto Ekonun romanlarında da bu məsələlər geniş şərhini tapıb.

Elmsiz cəmiyyət təsəvvür etmək mümkün deyil. Bilindiyi kimi elm təbiət, cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daim yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir.

Bu ali peşə ilə məşğul olan elm cəngavərləri bütün ömürlərini kitaba, biliyə, texnologiyaya, insanı, təbiəti, tarixi, təkamülü, səmanı, coğrafiyanı, fauna-floranı və s. öyrənməyə həsr edirlər. Elmlə məşğul olan alim-tədqiqatçı kimi tanınan bu insanlar nəinki bütün günü keçmişi, müasir dövrü, həm də gələcəyi düzgün dərk edib analizlər, təhlillər aparıb yekun nəticəyə gəlməyi bacaranlardırlar.

Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən, elmin ziyası altında toplaşan insanlar vardır. Mən özümün də əməkdaşı olduğum, hər gün orada görülən işlərin bir parçasına çevrilib Azərbaycan elminin inkişafında xidmət göstərdiyim və bundan qürur duyduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi barəsində danışmaq istəyirəm. Adından da göründüyü kimi Azərbaycanın ayrılmaz cənnət güşələrindən biri olan Naxçıvanın qoynunda yerləşən bu elm ocağı öz nəzdində bir çox institut və təşkilatları birləşdirir. Qızğın elmi fəaliyyətin həyata keçirildiyi bu institutlarda yaşlı nəsillə çiyin-çiyinə gənc alimlər, mütəxəssislər də fəaliyyət göstərirlər. İlk baxışdan səssiz görünən bu elm ocağı qoynunda bir çox elmləri mühafizə edir. Ədəbiyyatşünaslar, tarixçilər, dilçilər, kimyaçılar, bioloqlar, astro-fiziklər, rəssamlar, memarlar, musiqişünaslar bütün günlərini, ömürlərini aid olduqları elmi istiqamətin inkişafına dair nəzəriyyələrə, yeniliklərə həsr edirlər. Xatırlayıram ki, mən orada işə başladığım zaman çox gənc idim. Ancaq öz sahəmlə bağlı bir çox tədqiqatlar aparmaq istəyirdim. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bu hədəfimə gedən yolda mənə ruh verəcək  çox şeyin mövcud olduğunu gördüm. Rahat, sakit iş şəraiti, son model texnologiya ilə təchiz olunmuş otaqlar, zəngin kitabxana, daima bizə yol göstərən idarəçi…

Doğrudan da illər keçməsinə baxmayaraq fəaliyyətimə nəzər saldıqda dərk edirəm ki, bunda çox çalışmağımla birgə, həm də işlədiyim qurumda elmə, biliyə, gənclərə göstərilən böyük qayğının rolu var. Gənclərə böyük qayğı ilə yanaşan ağsaqqal alimlərimizin təcrübəsi, uzaqgörənliyi ilə bu günlərə addımlayan bir çox gənc kimi mən muxtar respublikanın bir çox cəhətdən inkişafına stimul verəcək, Azərbaycan elmini dünyaya inteqrasiya edəcək bir çox tədqiqatçının yetişdiyini görürəm.

Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyyatın, maddi və mənəvi mədəniyyətin, texnologiyanın bütün istiqamətlərində nəhəng quruculuq işləri gedir. Milli özünüdərk və özünütəsdiq istiqamətində gedən bu böyük proses elm və təhsil sahələrindən də yan keçməyib. Xüsusilə bu inkişafın trayektoriyasında və daim qabaqcıl müvəffəqiyyətlərin məkanı olan Naxçıvan elm sahəsində də bir çox yeniliklərə imza atıb.

Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ümummilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılıb.

1997-ci il yanvarın 31-də Azərbaycan Elmlər Akademiyasının rəhbərliyini, alimlərin bir qrupunu Prezident sarayında qəbul edən ümummilli lider demişdir: “Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. O, dövlətə məxsusdur. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq”.

Ali amal uğrunda birləşən bir çox alimin və mütəxəssisin fəaliyyət göstərdiyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi bu gün öz fəaliyyətinin parlaq zirvəsini yaşayır.

2018-ci illərdə muxtar respublika tədqiqatçılarının 292 monoqrafiyası, 859 kitabı, 394 dərslik, dərs və tədris vəsaiti, 25 minə yaxın məqalə və tezisi nəşr edilmiş, 70-dən çox patent alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi “Naxçıvan”, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” və “Axtarışlar” jurnalları, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin “Elmi əsərlər”i, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı həm beynəlxalq kod alıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına daxil edilib.

2019-cu ildə alimlərimizin uğurlu tədqiqatları, fundamental elmi nəşrlərlə davam edir.

Muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı işinin yeni müstəvidə aparılması, elmin istehsalata tətbiqi, yeni startuplara start verilməsi kimi əhəmiyyətli innovativ tədbirlər silsiləsi  Naxçıvanımızda elmin inkişafına münbit və güclü şərait yaradır.

Bölmədə AMEA-nın həqiqi üzvləri, müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları, doktorantlar, dissertantlar və elmi işçilər elmi fəaliyyətlə məşğuldurlar.. Bölmə nəzdində müvafiq ixtisaslar üzrə müdafiə şurası fəaliyyət göstərir. Şuranın fəaliyyəti dövründə həm muxtar respublikada yaşayan, həm də Azərbaycanın müxtəlif regionlarından çox sayda dissertant tarix, arxeologiya və iqtisadiyyat elmləri üzrə dissertasiyalar müdafiə edib.

Bölmədə fəaliyyət göstərən “Gənc Alim və Mütəxəssislər” şurası bir çox uğurlara imza atıb,  elmin inkişafında bir çox əhəmiyyətli istiqamətlərdə layihələr həyata keçirilib.

Xüsusilə bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı qarşımızda duran ən mühüm vəzifələr optimal təşkilati formaların tapılması, prioritet elmi-texniki istiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü islahat işlərinin aparılmasıdır. Bununla yanaşı yerli elmi tədqiqatların dünya elminə inteqrasiyası, elmin rentabelliyi, effektivliyi, habelə elmin maliyyələşdirilməsinin daha səmərəli formalarından istifadə olunmasıdır. Elmin effektivliyi və elmi nəşrlərin əhəmiyyətinin artırılması, beynəlxalq arenaya inteqrasiya kimi məsələlər xüsusilə gənc tədqiqatçıları düşündürməlidir.

Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsinə də geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov elmin inkişafının əhəmiyyətindən danışaraq demişdir: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.

Bu gün, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində bütün bu tələblərə cavab verəcək elmi fəaliyyətlər həyata keçirilir, güclü elmi potensiala malik kadrlar yetişdirilir.

Nərgiz İSMAYILOVA

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Filolgiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: