NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda icbari sığorta ilə əlaqədar tibb işçiləri hesabat təqdimetmə qaydasına dair maarifləndiriliblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüsal Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyul 2019-cu il tarixli “Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Kəngərli rayonunda 1 avqust 2019-cu il tarixindən icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
Bildirilib ki, keçirilən tədbirin əsas məqsədi Kəngərli rayonunda tibb işçilərini düzgün hesabat təqdim edilməsi qaydalarına dair ətraflı məlumatlandırmaqdır. Agentlik və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi birlikdə bu istiqamətdə tibb işçilərinin maarifləndirilməsi prosesini intensivləşdirərək davam etdirəcək və bunun köməyi ilə muxtar respublikada əhaliyə keyfiyyətli tibbi xidmətlərin həyata keçirilməsinə həmçinin, səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına nail olunacaqdır.
Tədbirdə digər çıxış edənlər sığorta olunanın tibb müəssisəsi tərəfindən necə qəbul edilməsi və qeydiyyatının aparılması və digər məsələlərlə bağlı məlumat veriblər. Qeyd edilib ki, icbari tibbi sığorta növbəti dəfə Şahbuz rayonunda tətbiq ediləcək.
Turab Hacızadə