Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 29-u qızıl və gümüş medallara layiq görülüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medallarla təltif olunublar. Bu münasibətlə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək  qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edib, muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlərdən və yaradılan şəraitdən danışıb.

Nazir qeyd edib ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu il də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 44-ü isə fərqlənmə attestatına layiq görülüb. Qızıl və gümüş medallara layiq görülən məzunlar tədris müddətində keçirilmiş fənn olimpiadalarında da yüksək nəticələr əldə ediblər. Qızıl medala layiq görülən şagirdlərdən 9-u, gümüş medala layiq görülənlərdən isə 5-i respublika fənn olimpiadasının qalibi olub.

Tədbirdə Babək rayon təhsil şöbəsinin müdiri Həsən Zeynalov və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Daşqın Xudiyev çıxış edərək məzunların yüksək uğur qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir infrastrukturun böyük rol oynadığını qeyd edib və yaradılan şəraitə görə minnətdarlıqlarını  bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunlara medalları və attestatları təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

                                     

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: