NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Culfa rayon Mədəniyyət Evində tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev qeyd edib ki, uşaqlara hərtərəfli qayğı muxtar respublikada da qarşıya qoyulan əsas məqsədlərdəndir. Hazırda Culfa rayonunda uşaqların təlim-tərbiyəsi və təhsili ilə 1 uşaq baxçası, 5 məktəbdənkənar təhsil müəssisəsi, 26 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Uşaqlar yeni tikilən və ya əsaslı təmir olunan məktəblərdə yüksək səviyyədə təhsil alır, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirirlər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova bildirib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur.
Çıxış edənlər uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara sağlam və firavan həyat arzulayıblar.
2017-2018-ci tədris ilində Culfa rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən şagirdlər mükfatlandırılıb. Culfa rayon Körpələr Evi-Uşaq Baxçasının balaca fidanlarının və Culfa şəhər uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Kəmalə Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.