Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi iyul ayında da diqqətdə saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, ötən ay 22 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Kəngərli rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, Şahbuz rayonunda planaalma işlərinə start verilib. Ay ərzində 1519 daşınmaz əmlak obyekti plana alınıb. Şahbuz rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Şahbuz rayonunun Ağbulaq, Gömür və Biçənək bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Babək rayonunun Məzrə və Zeynəddin kəndlərində keçirilmiş monitorinqlər nəticəsində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
İyul ayında 525 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb, 408 texniki sənəd hazırlanıb, yeni yaranmış 75 daşınmaz əmlak obyektinə ünvan verilib. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 58 vətəndaşın müraciətinə baxılıb, 61 vətəndaşa elektron xidmətlər göstərilib.