Bu ilin birinci yarısında Naxçıvan aeroportundan ümumilikdə 1060 reys həyata keçirilib

A- A A+

Cari ilin yanvar-iyun aylarında Naxçıvan Beynəlxalq Hava Limanından ümumilikdə 1060 reys həyata keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanının direktor müavini Nadir Abdullayev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, Naxçıvan hava limanı 1978-ci ildə tikilərək istifadəyə verilib. 2004-cü ildən isə beynəlxalq hava limanı statusu alıb. 2015-ci ildə Aerovağzalın Şərq Terminalı, 2016-cı ildə isə Qərb terminalı tikilib sərnişinlərin istifadəsinə təqdim edilib. Bununla da hava limanının sərnişin dövriyyəsi saatda 300-350 nəfərdən 600-650 nəfərə çatdırılıb. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan, Ordubad, Şərur, Şahbuz şəhərlərində aviakassalar fəaliyyət göstərir.

N.Abdullayev deyib ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə hər gün qrafik üzrə mütəmadi olaraq 4 reys, əlavə olaraq yay tətili və bayram günlərində sərnişin sıxlığı nəzərə alınaraq 11 reys həyata keçirilir. Beynəlxalq hava xətti ilə isə həftənin 2 günü İstanbul şəhərinə və həftənin 1 günü Moskva şəhərinə müntəzəm olaraq beynəlxalq uçuşlar yerinə yetirilir. 2018-ci ildə yerli hava xətti ilə 2113 reys, beynəlxalq istiqamətlərdə isə 156 reys olub. Yerli hava xətti ilə 308 min sərnişin, beynəlxalq hava xətti ilə 8000 sərnişin daşınıb. 2019-cu ilin birinci yarısında yerli hava xətti ilə 980 reys, beynəlxalq istiqamətlərdə isə 70 reys həyata keçirilib. Həmçinin yerli hava xətti ilə 132 min sərnişin, beynəlxalq hava xətti ilə isə 3620 sərnişin yola salınıb.

“Artıq bu gün hava limanının sürətli inkişafı müasir tipli sərnişin təyyarələri ilə yanaşı yük təyyarələrinin də qəbul edilib yola salınmasına imkan yaradır. Gələcəkdə uçuşların əhatə dairəsinin genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər işlənib hazırlanır”, - deyə direktor müavini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: