NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda sığorta işinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikada sığorta işini təkmilləşdirməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsini genişləndirilməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması ilə bağlı görülən işlərdən danışıb.
Baş direktor qeyd edib ki, Şahbuz rayonu üzrə cari ilin ilk 7 ayı ərzində, ümumilikdə, 1631 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 417-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, 713-ü daşınmaz əmlakın icbari sığortası, 501-i isə könüllü sığortalar üzrə bağlınılıb.
Rayonda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, ev əmlakı sığortası, fərdi qəza sığortası və digər sığorta növləri üzrə mövcud vəziyyət təhlil olunaraq qeyd olunub ki, görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə işlər günün tələbləri səviyyəsində aparılmayıb. Belə ki, rayonda hələ də daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayan fiziki şəxslər vardır. Bununla əlaqədar vurğulanıb ki, qanunvericiliyə uyğun olaraq dövlət sığorta agentliyi aidiyyəti qurumlarla birlikdə icbari sığortaların həyata keçirilməsini təmin etməlidirlər.
Tədbirdə Şahbuz Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini Elşən Kərimov, Şahbuz Rayon Baş Dövlət avtomobil müfəttişi, polis mayoru Ədalət Şükürov görülən işlərin vəziyyəti barədə çıxış ediblər.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev görülən işlərdən danışaraq aidiyyəti orqanlara sığorta işinin genişləndirilməsi üçün müvafiq tapşırıqlar verib.
Novruz Məmmədov