İşçilərin əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr hansılardır?

1026

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı Sərəncamla bu il sentyabrın 1-dən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Sərəncamın icrası olaraq Nazirlər Kabinetinin bu il avqustun 7-də verdiyi 345 nömrəli qərarına uyğun olaraq əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40 faizədək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib. Əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, yeni VTC-də tarif (vəzifə) maaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və həmin VTC-nin tətbiqinə bu il sentyabrın 1-dən başlanacaq.

Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin bu il avqustun 7-də verdiyi 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40 faiz artırılıb. Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş məbləğlərinin tətbiqi bu il sentyabr 1-dən həyata keçiriləcək.

Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40 faizdən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib. Həmin aylıq vəzifə maaşlarının tətbiqinə də sentyabrın 1-dən başlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: