NUHÇIXAN xəbər verir ki, Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən müasir tipli texnika və texnoloji avadanlıqlar işin səmərə və keyfiyyətini artırır. Yeni texnikaların qüvvəsi ilə muxtar respublikamızda taxıl biçini kampaniyası optimal müddətlərdə başa çatdırılıb. Hazırda təkrar əkinlər üçün keyfiyyətli yay şumu qaldırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən son illər lizinq xətti ilə gətirilən yeni texnikaların sayı xeyli artıb. Belə ki, indiyə qədər 2684 müxtəlif texnika və texnoloji avadanlıq gətirilərək lizinq yolu ilə sahibkarlara verilib. 2019-cu ilin ilk yarımilində gətirilən 309 yeni texnikanın və texnoloji avadanlığın 10-u müasir tipli kombaynlardır. Bundan əlavə son illər alınıb gətirilən yeni şum traktorlarının da iş əmsalı yüksəkdir. Bu ilin ötən müddətində gətirilən 18 dəst süni yağış üsulu ilə suvarma qurğusu da məhsuldarlığı artırıb. Quraşdırılan bu qurğular 51 hektar əkin sahəsini suvarmağa imkan verir. Bundan əlavə 2019-cu ilin ilk yarım ilində lizinq xətti ilə 4 milyon 683 min 460 manat dəyərində 7 min 79 ton karbamid gübrəsi gətirilərək güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilib. Təbii ki, bütün bunların hamısı torpaq mülkiyyətçilərinə göstərilən qayğının təzahürüdür.
Taxılçılıqda istifadə olunan müasir tipli texnika və texnoloji avadanlıqların da sayı ilbəil artır. Lizinqə verilən yeni kombaynlar biçinin optimal müddətlərdə başa çatdırılmasına təkan verib. Bu ilki mövsümdə 33 min 308 hektar zəminin məhsulu biçilib, 102 min 984 ton “sarı kəhrəba” götürülüb.
Hazırda muxtar respublikanın bütün bölgələrində yay şumu aparılır, payızlıq taxıl və təkrar əkinlərə hazırlıq işləri görülür. Bu sahədə lizinqə verilən yeni şum traktorlarının qüvvəsindən səmərəli istifadə olunur.
Məhəmməd Fərəcov