Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən 2019-cu ilin ötən dövründə suvarma mövsümünün mütəşəkkil keçirilməsi, torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə tədbirlər görülüb. Ötən dövr ərzində su istifadəçilərinə 18 milyon kubmetr su verilib, bunun müqabilində 14 min 540 hektar torpaq sahəsi suvarılıb. 84 kilometr kanal, 17 kilometr ara arxlar, 700 metr kollektor lildən təmizlənib, 3 kilometr suvarma boru xətti, 5 kilometr içməli su xətti, 300 metr kaptaj təmir edilib.
Rayonun Yaycı kəndinin torpaq sahələrini Gilançay su mənbəyindən suvarma suyu ilə təmin edən Daşarx kanalının dayanıqlığını, su keçiriciliyini artırmaq məqsədilə 710 metr hissəsinin yeri dəyişdirilərək yeni məcrada kanalın qazıntısı davam etdirilib və 98 min kubmetr həcmində torpaq qazılaraq kənara daşınıb. Mexaniki suvarma sahəsində nasos stansiyalarında və təzyiqli boru xətlərinin təmirə ehtiyacı olan hissələrində təmir işləri davam etdirilib, 2 kilometr təzyiqli boru xətlərində təmir-bərpa işləri aparılıb.
“Arazın səsi” qəzeti