Hər bir canlı kiminsə vasitəsi ilə gəlir dünyaya və o gələn yenə də kiminsə vasitəsilə gəlibdir dünyaya. Təbii ki, hər gələnin gedəcəyi bir günün olduğunu bilərək gəldiyimiz bu dünyada yaşayırıq. Həyatın və təbiətin qanunu budur ki, dünyaya gələn, yəni övlad həddi-buluğa çatandan sonra onu böyüdən valideynlərinin qayğısına qalmalı, onlara sahib çıxmalı, köməyini onlardan əsirgəməməlidir. Analar və atalar, yəni valideynlər də eyni sevgi ilə övladlarını böyütməli, milli mentalitetimizə uyğun olaraq hətta son günlərinə qədər onlara mənəvi dəstək və yanlarında olmalıdırlar. Amma gəlin görün ki ətrafda övladını özündən ayıran analar və valideyninə sahib çıxmayan “xeyirli” nə qədər övlad var. Niyə bu qədər incidirik bir-birimizi, axı nəticədə gəldiyimiz yer və nəhayətində gedəcəyimiz ünvan bəllidi.
Qığıltının melodiyası…
Sözüm laqeyd analara, atalarıdır. Sizin sahib çıxa bilmədiyiniz 3 övladdan birinin dırnağı üçün həyatını səfərbər edənlərin olduğundan çoxunuzun bəlkə də xəbəri yoxdur. Körpə qığıltısını duymaq, ona sahib olmaq möhtəşəm və əvəz olunmaz bir hiss deyilmi? Sizin yaşayıb bəyənmədiyiniz həyat bəlkə də birinin qəlbinin ən dərin yerlərində göz yaşları ilə birgə səslənən duasıdır. Heç düşündünüzmü ki kim üçün yaşayıram bu fani həyatda? Bu danılmaz faktdır: “dünya malı dünyada qalar”. Bəli, heç kimə öz malını sonsuzadək verməz bu dünya. Bunu eləməklə əsrlərdir sadəcə bir mesajı vermək istəyir insan oğluna- sevdikləriniz üçün yaşayın! Yaşayırıqmı? Düzgün cavabı oxuyan bilir...
Çinar məhəbbəti…
Təbii ki, öz çarxını eyni istiqamətə fırlatmır fələk. Tərs üzünü göstərdiyi də olur. Məsələyə bir də bu tərəfindən yanaşsaq belə bir nəticəyə gəlib çıxarıq. Deyir bir ata 8 övladı üçün necə deyərlər, gecə və gündüzünü bir edir. Lakin “Qocalar evi”nin var olması əslində hər şeyi izah edir bizlərə. Cümləni tam mənası ilə tamamlamaq istəməsəm də nəticəni artıq yəqin ki, başa düşdük. Valideynin xeyir-duasını almayan, ona baxıb, qulluq edib nəvaziş göstərməyən həyatda öz mövqeyini tuta bilməz. Burada “baxmaq” sözü sadəcə feil kimi işlənən ədəbi bir söz deyil. Həyatının hər hansı bir yerini o insan üçün ayırmaq deməkdir “baxmaq”. “Baxmaq” bir insanı həyatının mərkəzinə yerləşdirib ondan diqqətini çəkməmək deməkdir. Sadəcə baxmaqda kifayət etmir, bəzən görmək gərəkdir.
Qəlbini, ruhunu, vicdanını ən əsası öz gələcəyini görmək lazımdır. Dillər əzbəridir bu cümlə bəlkə də, əməl edən də yazır, etməyən də. “Ata çinar ağacı kimidir, meyvəsi olmasa da kölgəsi bəs edir”,- birmənalı baxılmamalıdır bu ifadəyə. Çinar, torpağa görə yaşayır fəqət eyni zamanda torpaq üçün yaşayır bununla bərabər öz şaxələrini ətrafa yaymaq üçün yaşayır. Bir sözlə yaşatmaq üçün yaşayır. Ataların qədrin bilək.
Anadır Vətən …
Dünya kimlərin ətrafında dönür dönsün Sizin dünyanız onun ətrafına pərvanə olmalıdır. Yəni qısası sevməlisən hər halı ilə onu. İstər gənc olanda gümrah halını, istərsə də üzü qırışlı halını sevməlisən. Bəs nədir sevmək?- Yaşı üstə yaş gəldikcə qucaqlamaqdır ötən yaşını sevmək. Onun gözlərinə baxdıqca o məsum, saf sevgisini görməkdir sevmək. Və nələr.. nələr… elə bu məqamda Cəfər Cabbarlının bu şeiri keçir ağlımdan...
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Sevməlisən-yuxusuz gecələrini, nəfəs alıb verməyini, sevən insanı sevməlisən, dodaq tərpənşindən nə deyəcəyini bildiyin insanı sevməlisən. Torpaq kimi, vətən kimi, yurd kimi, “Ana” kimi, “Ata” kimi sevməlisən.
Fəxriyyə Səyyadova
Naxçıvan televiziyasının əməkdaşı