Dağlar qoynunda yerləşən Şahbuz rayonunun geniş quruculuq işlərindən bəhrələnən yaşayış məntəqələrindən biri də Badamlı qəsəbəsidir. Qəsəbə rayon mərkəzindən 12 kilometr cənub-qərbdə yerləşir. Hazırda qəsəbə əsl tikinti meydanını xatırladır. Burada inşa olunan “Badamlı” Mineral Sular Zavodunda artıq tikinti işləri başa çatdırılıb.
Eyni zamanda qəsəbədə kompleks quruculuq işləri görülür. 1200 kvadratmetr ərazidə inşa olunan zavodda ikimərtəbəli inzibati bina, istehsal sahələri, anbarlar tikilib. Zavod əvvəlkilərdən daha böyük və yüksək texniki imkanlara malikdir. Zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və qəsəbə sakinləri üçün yeni iş yerinin açılmasına zəmin yaradacaq. Həmçinin “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac imkanlarını da artıracaq. Zavodda üç böyük istehsal sexi tikilib ki, bu da gələcəkdə burada 200-ə yaxın qəsəbə sakininin işlə təmin olunmasına şərait yaradacaq. Hazırda zavodda Türkiyənin bir neçə tanınmış şirkətinin və Fransanın “SİDEL” Şirkətinin istehsalı olan müasir avadanlıqlar quraşdırılır. Zavodda müasir avadanlıqlarla təmin olunan xüsusi laboratoriya yaradılacaq.
Qəsəbədə yeni xidmət mərkəzi də inşa olunur. Xidmət mərkəzində ərzaq və təsərrüfat malları mağazası, qadın gözəllik salonu, kişi bərbəri, ət dükanı və çörəkbişirmə sexi fəaliyyət göstərəcək. Aparılan quruculuq işləri çərçivəsində Badamlı qəsəbəsinin yolları da genişləndirilərək asfalt örtük verilib. Kəndarası yollar da təmir olunub.
Qeyd edək ki, bundan əvvəl əhalinin məişət şəraitini yüksəltmək üçün qəsəbədə həm də yaşayış binaları əsaslı təmir olunub, bütün kommunikasiya xətləri yenidən işlənməklə sakinlərin istifadəsinə verilib.
Rayonun ən ucqar dağlıq ərazilərində yerləşən yaşayış məntəqələrində olduğu kimi, burada da təbii qazın, elektrik enerjisinin tələbata uyğun nəql olunması, xidmət təşkilatlarının işinin günün tələbləri səviyyəsində qurulması və qarşıya çıxan hər bir problemin vaxtında, yerindəcə həll olunması qəsəbəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
“Oğuz səsi”