Əgər birinin müşkül işinin həll olunmasında, çətinliyinin asanlığa qovuşmasında müəyyən mənada rolumuz olubsa, qarşı tərəfdən minnətdarlıq əlaməti olaraq bəzən səmimi bir “Başına dönüm”, “Qurbanın olum” deyimlərini eşidərik. “Qurbanın qoyun olsun”... Bu isə həmin deyimlərə verdiyimiz ən çox işlənən cavabdır. Əsrlərdir xalqın dil süzgəcindən keçib bu günümüzə qədər gəlib çıxmış “Qurbanın qoyun olsun” ifadəsinin mahiyyəti əslində çoxumuza məlumdur. Yəni, gözümüzü açandan bəri, ilin müəyyən günündə həyətimizdə, yaxud da müqəddəs ziyarətgahlarda qurbanlıq heyvanlar kəsilib-paylanılmasına şahidlik etmişik. Qurban kəsə bilməyənlərin isə mütləq ki, həmin gün qapısı döyülüb, dost-tanış, lap elə yad kimsələr tərəfindən göndərilən payı təhvil verilib. Qısaca, bu ifadənin mahiyyətindən xəbərdarıq. Lakin, dinimizdə keçi, inək, camış və dəvə kimi heyvanların da qurbanlıq olaraq kəsilməyinə icazə varkən, “Qurbanın qoyun olsun” cümləsində niyə məhz qurbanlıq heyvan olaraq qoyunun adı çəkilir?
Deməli belə, çoxumuza məlumdur ki, Qurban Bayramı bizə həzrəti İbrahim peyğəmbərdən yadigar qalıb. Allah-təala həzrəti İbrahimə vəhy göndərərək onun sınağını elan edir. Tanrı buyurur ki, oğlu İsmayıl Allah yolunda qurban kəsilməlidir. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq onu bu əmrdən imtina etməyə çağırır. Lakin ata ona tabe olmur və Allahın əmrinə boyun əyir. İbrahim peyğəmbər Allah-təalanın əmrini yerinə yetirmək üçün oğlu İsmayılı qurbangaha aparır və qurban kəsmək üçün bıçağı onun boğazına sürtür, amma bıçaq kəsmir. Allah-təaladan nida gəlir: “Ey İbrahim, sən bu İlahi sınaqdan layiqincə çıxdın”. Və bundan sonra Cəbrayıl vasitəsi ilə bir qoç göndərir və İsmayılın əvəzinə həmin qoçun kəsilməsini istəyir.
Dini termin olaraq qurban “ibadət məqsədi ilə müəyyən bir vaxtda müəyyən şərtləri olan heyvanı qaydalara görə kəsmək və ya bu şəkildə kəsilən heyvan” deməkdir. İslamda qurbanın dini hökmü ilə əlaqədar olaraq Quranda və həzrəti Məhəmmədin(s) hədislərində bəyanlar vardır. Məsələn, Qurani Kərimin əl- Kövsər surəsinin 2-ci ayəsində açıq şəkildə buyurulur ki, “Rəbbin üçün namaz qıl, qurban kəs”.
İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Tanrının ən üstün əsəridir. Allah özünün yaratdığının öz yolunda qurban kəsilməsini qəbul etmir.
Qurbanlıq heyvanlar və onun kəsilməsi ilə əlaqədar bəzi şərtlər var. İlahiyyatçıların dediyinə görə, qurbanın bayramın 1-ci günü kəsilməsi daha fəzilətli sayılır.
Qurbanlıq kəsildi, bəs heyvanın əti necə bölüşdürülməlidir?
- Bu haqda islam alimlərinin dediklərinə görə, qurbanlıq ət 3 yerə bölünməlidir. Onun bir hissəsi qurban sahibinə, bir hissəsi dost- tanış, qohumlara, bir hissəsi isə qurban kəsə bilməyən kasıblara paylanmalıdır.
Bəziləriniz qurbanlıqdan ev sahibinin qəti şəkildə pay götürməməli olduğunu eşitmisiniz. Belə ki, həmin gündə kəsilən bütün qurbanlıqlar eyni qəbildən deyil. Bu, nəzir qurbanına xas qaydadır. Nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər.
“Qurban” kəlməsinin lüğəti mənası “Allaha yaxınlıq etmək üçün vəsilə olan” deməkdir. Bu bayramın əsas mahiyyəti imkansız insanları sevindirmək, sevincinə şərik olmaqdır. Bəzi insanlar üçün isə Allahın xoşuna gələcək bir əməli icra etməyə fürsətdir. Beləliklə, bu bayramın da əsasında, Ramazan ayında olduğu kimi, birlik, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Bəlkə də məsələ kəsilən qurbanda, paylanılan ətdə də deyil heç. Bəzilərinin aylarla açılmayan qapısı açılır həmin gün. Mühüm olan Tanrı yolunda paylaşmağı bacarmaqdır, Tanrının bəndələri ilə... Bayramınız mübarək olsun!
Fatma Babayeva